Zəfər Qurultayının iştirakçısı: “Dövlət başçısı diaspor təşkilatları qarşısında mühüm vəzifə qoydu”

Zəfər Qurultayının iştirakçısı: “Dövlət başçısı diaspor təşkilatları qarşısında mühüm vəzifə qoydu”
# 22 aprel 2022 19:07 (UTC +04:00)

“Şuşada Dünya Azərbaycanlılarının V Qurultayının Şuşa şəhərində keçirilməsi böyük ictimai-siyasi əhəmiyyəti var”.

Bunu APA-ya açıqlamasında Şuşada Dünya Azərbaycanlılarının V Qurultayında iştirak edən Almaniya-Azərbaycan Alyansının ilk sədri Yaşar Musayev bildirib.

O deyib ki, bu, Zəfər Qurultayıdır: “Çünki 30 ildən sonra Qarabağ və onun vuran ürəyi Şuşa işğaldan azad olunub. Qurultayın Şuşa şəhərində keçirilməsi də bunun rəmzi göstəricisidir”.

Yaşar Musayev qeyd edib ki, qurultayda diaspor təşkilatlarının fəaliyyətlərinin nəticələri və diaspor təşkilatlarının gələcəkdə fəaliyyətlərinin strateji yol xəritəsinə əsaslanaraq təşkil olunması müzakirə olunub: “Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu, qəhrəman övladlarımız torpaqlarımızı işğaldan azad edib. Allah şəhidlərimizə rəhmət etsin. Bundan sonra Qarabağın, o cümlədən Azərbaycanın mədəniyyət mərkəzi olan Şuşanın sistemli şəkildə bərpası, inkişafı vacibdir. Biz Bakıdan Şuşaya Zəfər yolu ilə gəldik. Füzuli şəhəri də daxil olmaqla, erməni vəhşiliyinin nə dərəcədə dəhşətli olduğunu gördük. Füzuli şəhəri demək olar ki, yerlə yeksan olunub, bir salamat bina belə yoxdur. Şübhəsiz ki, bütün yaşayış məntəqələri sistemli şəkildə bərpa olunacaq. Bu, həm də vaxt tələb edir. Eyni zamanda bu, xaricdə yaşayan azərbaycanlıların da bu məsələyə prioritet kimi yanaşmasını tələb edir. Dövlət başçısı da çıxışında diaspor təşkilatları qarşısında bu mühüm vəzifəni qoydu”.

O nəzərə çatdırıb ki, Azərbaycan məhz öz gücü ilə torpaqlarını azad edib: “Beynəlxalq təşkilatlar, o cümlədən ATƏT-in Minsk Qrupu sanki məsələni həll etmək yox, sanki davamlı şəkildə qalmasında maraqlı idi. Bunu görən Azərbaycan Prezidentinin rəhbərliyi ilə Azərbaycan Ordusu 2020-ci ilin sentyabrında 44 gün davam edən Vətən müharibəsində torpaqlarımızı işğaldan azad etdi. Bu, həm də bir qürur məsələsi idi. Çünki torpaqlarımız işğal altında olan zaman beynəlxalq tədbirlərdə ermənilər və onlara havadarlıq edənləri görəndə ağrılı hislər keçirirdik. Biz bundan sonra nəinki torpaqlarımızın bir qarışını da güzəştə getməyəcəyik, eyni zamanda ermənilərin törətdikləri vəhşilikləri sənədləşdirərək beynəlxalq hüququn gücündən istifadə edərək onların hüquqi məsuliyyətə cəlb etməliyik. Qarabağ və onun ürəyi olan Şuşa şəhəri isə çiçəklənəcək. Azərbaycan diasporu, hər bir azərbaycanlı məhz Qarabağın bərpasında yaxından iştirak edəcək”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR