Fərid Qayıbov: Nazirlik bütün federasiyalarda legionerlərin sayının azalmasına çalışır

Fərid Qayıbov

© APA | Fərid Qayıbov

# 21 dekabr 2022 14:20 (UTC +04:00)

“Gənclər və İdman Nazirliyi bütün federasiyalarda legionerlərin sayının azalmasına çalışır”.

Bunu APA-ya müsahibəsində gənclər və idman naziri Fərid Qayıbov bildirib.

“Sizinlə razıyam ki, bizdə legionerlərin sayı çox idi və buna bir tələbat vardı. Çünki biz 31 ildir ki, müstəqilik və bu illər ərzində yeni idman növləri inkişaf etdirilməyə başlanılıb. Bu illər ərzində 100-ə qədər idman obyektimiz tikilib. Bu il biz Milli Olimpiya Komitəsinin 30 illiyini qeyd edirik və Azərbaycan Prezidenti 25 ildir ki, Milli Olimpiya Komitəsinə rəhbərlik edir. İdman obyektlərimiz, komplekslərimiz göz qabağındadır. Elə Su İdman Sarayına, Milli Gimnastika Arenasına, Atıcılıq Mərkəzinə baxa bilərsiniz, bu arenalara dünyanın müxtəlif ölkələrindən daim təlim-məşq toplanışına gəlirlər. Çünki bunlar çox müasir və dünyada sayı az olan idman qurğularıdır. Bizim bütün regionlarda Olimpiya İdman Komplekslərimiz var. Yəni idmançılar üçün şərait yaradılıb. İndi qalır mütəxəssislərin yetişdirilməsi ki, bu da ən vacib məsələdir. Sizin hər şeyiniz ola bilər, amma mütəxəssislərinizin olmaması sizi problemlərlə qarşı-qarşıya qoya bilər”, - nazir qeyd edib.

Fərid Qayıbov vurğulayıb ki, daim, 3 aydan bir federasiyalarla görüşürlər: “Daimi istiqamətlərimizdən biri həm məşqçilər, həm hakimlər, həm idman sahəsində çalışan digər mütəxəssislər üçün kursların keçirilməsidir. Məsələn, idman masajistlərinin sayı çox azdır, fizioterapevtlərin sayı kifayət qədər deyil. İdman psixoloqları barədə də eyni sözləri deyə bilərik. Belə çətinliklər olanda təbii ki, öyrənmək üçün xaricdən mütəxəssislər dəvət etməli, öyrənməliyik. Bizim mütəxəssislər də xaricə getməlidir. Amma mən tərəfdarıyam ki, xaricdən mütəxəssislər daha çox Azərbaycana gəlsin, onlardan daha çox öyrənə bilək. Bizim bəzi mütəxəssislərimiz hesab edirlər ki, hər şeyi bilirlər və inkişaf etmək istəmirlər. Bu da üzləşdiyimiz başqa problemdir. Hamımız yaşımızdan, vəzifəmizdən, əldə etdiyimiz hansısa səviyyədən asılı olmayaraq, daim öyrənməli, inkişaf etməliyik. Mən özüm hər dəfə hansısa yarışa gedəndə nəsə öyrənirəm. Nəzərə almaq lazımdır ki, bəzi idman növləri ölkəmiz üçün yeni idi. Azərbaycan idmanının sovetlər və müstəqillik dövrlərini müqayisə etsək, görərik ki, sovetlər dövründə SSRİ komandalarının tərkibində çoxlu sayda idmançılarımız Olimpiya Oyunlarında, dünya çempionatlarında medallar uğrunda mübarizə aparmayıb. Digər tərəfdən, 1990-cı illərdə olan mütəxəssislərimizin də bir çoxunun xaricə getməsi nəzərə alınmalıdır. Bunun üçün də bir çox federasiya legionerlərə üz tutdular ki, xaricdən idmançılar gəlsinlər və idmançılarımız onlardan öyrənsinlər.

Tutaq ki, gimnastikanı götürək. Sovet dövründə də bədii gimnastika olub. Lakin hətta müstəqillik tariximizə baxsaq, ən yaxşı yerlər 40-cı yerlər idi. Bu gün isə bədii gimnastlarımız dünya çempionatlarından medallarla qayıdırlar. Amma biz ilkin dövrdə legionerləri cəlb etmişdik. Bu idman növü populyar oldu, daha sonra regionlarda inkişaf etdi. Bu gün 25-dən artıq bölgəmizdə bədii gimnastika bölməmiz var. Bu, 2002-ci ildə Mehriban Əliyeva Gimnastika Federasiyasına prezident seçiləndən sonra baş verən prosesdir, Gimnastika Federasiyası yenidən qurulmasının 20 illiyini qeyd edir. 2002-ci ildə 3 gimnastika növü vardı, bu gün Azərbaycanda 9 gimnastika idman növünü inkişaf etdiririk. Bəzən istəyirik ki, 1 ilə, 5 ilə hər şeyimiz olsun. Ancaq buna vaxt və legionerlərdən düzgün istifadə etmək lazımdır. Əgər hər dəfə legioner gətirməyə öyrəşəcək və öz mütəxəssislərimizi yetişdirməyəcəyiksə, buna neqativ baxıram. Məsələn, bizə Avropa Oyunlarından batut gimnastikası miras qalıb. Bu idman növü ölkəmizdə Avropa Oyunlarından əvvəl inkişaf etdirilməyə başlandı. Bu idman növündə yaxşı tendensiya olduğunu görürük. İlk Avropa Oyunlarında Azərbaycanı bu sahədə legionerlər təmsil edirdi, hətta biri də medal qazanmışdı. İndi həmin legionerlər yoxdur, Azərbaycan idmançıları yetişir. Son 3 ilə baxsaq, bu idman növündə 2-3 idmançı qızıl medallar qazanır. İnşallah, nəticələr yaxşı da olacaq. Ona görə də biz legionerlərdən süni istifadə etsək, hansısa nəticələr əldə etməyə, hansısa federasiyanın bununla işini qabartmağa çalışsaq, təbii ki, neqativ hal olar. Amma biz legionerlərdən düzgün istifadə etsək və onları düzgün yönləndirsək, yaxşı nəticələr əldə edə bilərik.

Onu da qeyd edim ki, bizim ağır çəki ilə bağlı bütün idman növlərində problemlərimiz var, bu, sirr deyil. Bütün federasiyalar bu barədə danışırlar. Biz indi bütün rayonlara gedirik, görürük ki, yaxşı uşaqlar var. O gün bir uşaq gördüm, kifayət qədər çəkili bir uşaq idi. Hətta federasiyanın birinə zəng vurdum ki, bunu tez rayondan götürüb gətirin, bizim milli komandaya ağır çəkililər lazımdır. Düşünürəm ki, mərhələ-mərhələ bu işləri görəcəyik. Biz bu gün nazirlik olaraq bütün federasiyalarda legionerlərin sayının azalmasına çalışırıq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR