Jurnalist qazi: “İstəyirdim ki, güllə ürəyimdən dəysin, ölüm” - MÜSAHİBƏ

Jurnalist qazi: “İstəyirdim ki, güllə ürəyimdən dəysin, ölüm” - MÜSAHİBƏ
# 22 iyul 2022 09:49 (UTC +04:00)

44 günlük Vətən Müharibəsinin üzərindən bir müddət vaxt keçsə də, bu tarixi zəfər Azərbaycan xalqının heç vaxt yaddaşlarından silinməyəcək.

Apasport.az saytının məlumatına görə, torpaqlarımızın işğaldan azad olunmasında canını ortaya qoyan qəhrəmanları təkcə rayonların işğaldan azad olunma günlərində deyil, hər gün xatırlamaq, xatırlatmaq lazımdır ki, yeniyetmələrə örnək göstərilsin.

Onlarla hər dəfə söhbətləşdikdə yeni xatirələr, eyni yola çıxan fərqli macəralar eşidirik.

Həmin qəhrəmanlar arasında jurnalistlər də var. Onlardan biri isə 6 ildir idman jurnalistikasında fəaliyyət göstərən Daşqın Əzizdir. İşi ilə bağlı adətən başqalarından müsahibə alan offsideplus.az saytının əməkdaşı olan 27 yaşlı II Vətən Müharibəsi iştirakçısının özünü bu dəfə müsahib kimi seçdik.

“Özümüzü yavaş-yavaş buna öyrəşdirirdik”
- Futbolda start fiti çox eşitmisən. Müharibədə sənin üçün start fiti necə oldu?
- Bu fiti xalq olaraq 30 ildir gözləyirdik. Bu start fiti müasir Azərbaycan üçün yeni bir səhifənin başlanğıcı oldu. Necə deyərlər, start fiti verilən andan bəri meydanda oldum. 2020-ci ilin 29 sentyabrında Ali Baş Komandanın “Qismən səfərbərlik haqqında” əmri ilə ehtiyatdan ordu sıralarına çağırılanlardan biri də mən oldum. İlk olaraq təlimlərə qatıldıq. Döyüş taktikalarını öyrəndikdən, fiziki normativləri yerinə yetirdikdən sonra ön cəbhəyə aparıldıq. Belə demək mümkünsə, biz ora hazırlıqlı şəkildə getmişdik. Bunun nəticəsi idi ki, aktiv döyüş əməliyyatlarında iştirak edən tək-tük səfərbərliklə gətirilən bölmələrdən biri olduq.

- Bəs döyüş yolun necə başladı?
- Döyüş yolum Füzuli rayonundan başladı. İlk olaraq bizim ora göndərilməyimizdən bir gün əvvəl azad olunan Füzulinin Aşağı Seyidəhmədli kəndində yerləşdik. Orada alınan ərazilərin müdafiə və mühafizəsinin təşkilində iştirak etdik. Düşmən uzaq məsafədə qərar tutsa da, olduğumuz yeri hədəf almağa çalışırdı. Demək olar ki, ağır artilleriya mərmiləri yaxınlığımıza düşürdü. Həmin vaxt artıq döyüşün ab-havasını hiss edirdik. Özümüzü yavaş-yavaş buna öyrəşdirirdik. Çünki bizi qarşıda Şuşa kimi çətin relyefə malik ərazi gözləyirdi.

“Qarabağın incisini düşməndən azad etməyə gedirdik”
- Şuşa istiqamətində gedən döyüşlərin iştirakçısısan. Orada nələr gördün, sənin üçün ən yaddaqalan an hansı oldu?
- Noyabrın 6-sı idi. Füzulidə gücləndirmədə idik. Hava da qaralmışdı. Həm yatmaq, həm də artilleriya mərmilərindən qorunmaq üçün qazdığım iki metrlik səngərə girmişdim. Elə bu an taborumuzun qərargah rəisinin “təcili toplanın!” əmrini eşitdim. Dərhal silah-sürsatımızı, yük çantalarımızı götürüb deyilən yerə yığıldıq. Həmin vaxt hərbi maşın karvanının bizə yaxınlaşdığını gördük. Bu maşınlar bizi aparmaq üçün gəlmişdilər. Hərbi qayda-qanunu ilə, sıra şəklində düzüldükdən sonra maşınlara mindik. 20 dəqiqədən sonra maşınlar Füzulinin asfalt yolunda dayandı. Bu ərəfədə qərargah rəisimiz polkovnik-leytenant Aydın Osmanov bizi daşıyan “Ural” markalı avtomobilin “bort”una yaxınlaşaraq, “uşaqlar, heç bilirsiz hara gedirik? Şuşaya!”, - dedi. Həmin an bizdə olan sevinci, həyəcanı gərək ancaq orada olub görəydiz. Yəni o məqamı sözlə ifadə etmək çətindir. Şuşa işğal ediləndə çoxumuz dünyaya gəlməmişdik, ancaq həmin gün Qarabağın incisini düşməndən azad etməyə gedirdik. Daha doğrusu, Şuşa artıq azad idi. Xüsusi Təyinatlı Qüvvələrimiz (XTQ) tarixi şəhərimizi bədxah qonşularımızın tapdağından azad etmişdi. Biz isə o istiqamətdə nəzarətsiz qalan əraziləri mühafizə etməyə, lazım gələrsə, döyüşməyə gedirdik.

“Özümə ölüm arzulayırdım”
- Şuşaya yola düşdünüz. Həmin yolçuluq zamanı nələr yaşandı?

- Olduqca çətin şəraitdə, indiki “Zəfər yolu” ilə Şuşaya doğru irəliləyirdik. Gecə saatları idi. Yuxudan ötrü “ölsək” də, bu mümkün olmurdu. Yolsuzluq şəraiti bir tərəfdən, düşmənin uzaq məsafədən endirdiyi atəş zərbələri də digər tərəfdən. Bəlkə də, müharibə dövründə ən çox çətinlik çəkdiyim anlar həmin yolçuq zamanı yaşandı. Təsəvvür edin ki, 35 nəfər “Ural”ın yük yerinə yığışmışdı. Ayaqlarım qurumuşdu, bir santimetr belə hərəkət etdirməyə fürsət tapmırdım. Top mərmilərinin səsini eşidəndə isə səksənirdik, elə düşünürdük ki, indi bizim maşına dəyəcək. Hətta yolsuzluq şəraiti idi deyə bir neçə maşınımız aşmışdı. Ölən olmasa da, xeyli xəsarət alan vardı.
Noyabrın 7-si səhər Şuşanın Daşaltı kəndinə doğru irəlilədik. Düşmən Xankəndidən əsasən minaatanlar və “Qrad” reaktiv yaylım atəş sistemi ilə qayalıqları vururdu. Mərmi qayalara dəyib partlayanda daş, qaya parçaları qopub tökülürdü. Sanki bu dəqiqə gəlib başına düşəcək. Bu vəziyyətdə biz hardasa 5-6 saat ərzində durmadan Laçın dəhlizi istiqamətində dağlara qalxdıq. Axşam saatlarında gəlib köhnə elektrik stansiyasının yanına çatdıq. 5-6 saat olardı ki, ac-susuz idim. Siqaret çəkməkdən mədəm sıyrılırdı. Özümə ölüm arzulayırdım. İstəyirdim ki, yerimdəcə ürəyim tutsun, ya güllə ürəyimdən dəysin, ölüm. Ancaq işgəncəsiz, ağrısız ölüm olsun (gülür). Çiynimdə yük çantam, əynimdə zirehli jilet, avtomat, qumbaraatan silahının 2 mərmisi (həmin mərmilər, bəlkə də, məndən ağır idi (gülür) və 4 ədəd güllə darağı - bu vəziyyətdə ac-susuz dağlara qalxmışdım. Geriyə baxanda bu məsafəni hansı vəziyyətdə qalxdığıma baxıb, az da olsa, özümlə fəxr edirdim.

“Həmin an içlərindən biri ağ bayraqla önə keçdi”
- Bəs həmin elektrik stansiyasının yanında düşmənlə üz-üzə gəldiniz?
- Bəli. Həmin yerdə “Şuşa” yox, erməni əlifbası ilə “Shushi” yazılmışdı. Göyçaydan olan döyüş yoldaşım Emin Cəbrayılov sinəsində saxladığı üçrəngli bayrağımızı aparıb ora sancdı. Bundan 15 dəqiqə sonra qarşıdan danışıq səsləri, uğultu eşitdik. Həmin istiqamət isə Şuşadan Xankəndiyə gedən yol tərəf idi. Deməli, təxminən 40 nəfərə yaxın erməni döyüşçü orada mövqe tutub və bizim irəli getməyimizi gözləyir. Biz isə elə bilirik ki, onlar bizimkilərdir. Hava da dumanlı idi deyə seçə bilmirdik. Bir qədər irəlilədikdən sonra tabor komandirimiz onlara səslənərək məxfi parolu soruşdu. Ermənilər dinməz durmuşdu, bizə baxırdılar. İlk dəfə idi ki, döyüş vaxtı canlı erməni görürdüm. Meyitlərini Daşaltıda, çayın kənarında görmüşdüm. Deməli, həmin an içlərindən biri ağ bayraqla önə keçdi. Elə bildik ki, təslim olurlar. Uşaqların bəziləri məntiqi jestikulyasiya olaraq avtomatı endirməyə başladı. Həmin an içimizdən biri bunları təhqir etdi. Təhqiri eşidər-eşitməz ermənilər bizi atəşə tutdular. Təsəvvür edin ki, yatmaq üçün hərbi kisələrin içində gizlənənləri vardı. Onlar da oradan çıxıb avtomat və pulemyotlarla bizi vurmağa başladılar. Biz də özümüzü itirmədik. Yerə yatıb atəş açmağa başladıq. Taqım komandirlərimizdən biri qayıtdı ki, “belə olmayacaq, tez qumbaraatanı gətirin, bunları iki mərmiyə kül edəcəyəm”. Qaçaraq “RPQ-7”nin piyada əleyhinə olan mərmisini gətirib qumbaraatana qoşduq. Mən özüm də qumbaraaatan köməkçisi olduğum üçün mərmini qoşa bilirdim. Elnur adlı döyüş yoldaşımla birlikdə mərmini bağlayıb komandirə verdik. Haradasa üç mərmi atış etdi və ermənilər məhv oldu. Çoxu yerindəcə kül olmuşdu, qalanları da kontuziya almışdılar, səndələyirdilər. Elə 8 noyabrda məhv etdiyimiz ermənilərin yanından da keçmişik, videokadrları var məndə.

“Dəhşətli səhnə idi, sanki gözümün önündə bir filmdən kadr canlanırdı”
- Ermənistan yığmasının futbolçusu Henrik Mxitaryanın evindən paylaşımın var idi. O anda “Pünik”in “Neftçi” önündən qaçdığı oyun yadına düşmədi? Həmin qaçışla bu qaçışı necə müqayisə edərsən?
- Mxitaryanın evinə noyabrın 8-də girmişdik. Deməli, biz həmin gün səhər saatlarında taborla Şuşa-Xankəndi yoluna girmişdik. Ehtimal var idi ki, ermənilər Xankəndidən texnikalar və piyada qüvvə ilə Şuşaya əks-həmlə edəcək. Başqa bir hərbi hissə aşağıdan, sağ cinahdan Şuşakənd, Muxtar istiqamətində irəliləyirdi, biz isə Xankəndi istiqamətində. Şuşa-Xankəndi yolunda 1-ci Qarabağ döyüşlərində şəhid olan Milli Qəhrəmanımız Albert Aqarunoviç Aqarunovun vurduğu erməni tankının maketi var. Həmin tank memorial kompleksinə yaxınlaşanda artıq ermənilər bizi mühasirəyə almışdılar. Hər tərəfdən atırdılar. Çaşbaş düşmüşdük ki, üstümüzə atılan mərmilər hansı istiqamətdən gəlir. Elə oranı keçmişdik ki, bizi Xankəndidən tanklarla vurdular. Eyni anda bir neçə döyüşçümüz şəhid oldu. Yaralananlar, kontuziya alanlar oldu. Dəhşətli səhnə idi, sanki gözümün önündə bir filmdən kadr canlanırdı. Qəfil burnumdan qan açıldı. Başım silkələndiyi üçün burnumdan qan gəldi, saxlaya bilmirdim. Bir tərəfdə barıt iyi, digər tərəfdə qan qoxusu. Hər şey bir-birinə qarışmışdı.
Çox şeyi demək istəmirəm, çünki gərək saatlarla danışam. Xülasə, o döyüşdə mən özüm də güllə “yedim”. Həmin mühasirə halqasında sol böyrümdən vurdular. O halda bir yaralı döyüş yoldaşımla sürünə-sürünə gəlib Şuşa Qalasına çatdıq. İlk olaraq bizi bir villaya yerləşdirdilər. Sonra dedilər ki, bu ev məşhur erməni futbolçu Henrik Mxitaryana məxsusdur. Yaralı anımda mənim üçün çox maraqlı bir məqam oldu. Düzdür, evi təftiş etməyə imkanım yox idi, çünki həm bədənimdən qan süzülürdü, həm də ermənilər dayanmadan həmin həndəvərə artilleriya zərbələri endirirdilər. Amma əsas odur ki, döyüş vaxtı Henrikin evinə girdim (gülür).

“Ya əsir düşəcəkdim, ya da şəhid olacaqdım”
- Əslən Şəkidənsən. Döyüş anında hansısa yaralı əsgər yoldaşına Şəki zarafatı ilə təsəlli verməyə çalışmadın?
- Əksinə, şəkili döyüş yoldaşım mənə təsəlli verdi. Mən yaralananda yanımda olan 2-3 nəfər döyüşçüdən biri də həmkəndlim Emin idi. Sağ olsun, həmin an mənə motivasiya verdi, yoxsa həyəcandan yerimdə qalacaqdım. Bəlkə də, orada qalıb ya Amin Musayev kimi (yeri gəlmişkən, əsir düşənlər - Amin Musayev, Bayram Kərimov və leytenant Mobil Əhmədzadə Daşqının döyüş yoldaşları olub – R.S.) əsir düşəcəkdim, ya da qan itirmədən şəhid olacaqdım. Orada adi bir sözün belə böyük önəmi var.

- Şəxsi şücaətin, heç vaxt yadından çıxmayacaq anların barədə danışa bilərsən?
- Şücaətim barədə danışmağım doğru çıxmaz. Bu haqda gərək komandirlərim, döyüş yoldaşlarım danışalar, qiymət verələr. Amma bircə onu deyə bilərəm ki, yan-yörəmdəki heç bir yaralını köməksiz qoymadım. Bəzilərinə fiziki, bəzilərinə də mənəvi kömək etdim. Təəssüf ki, başında durub yardım etdiyim, hardasa 10 dəqiqə civarında ona vaxt ayırdığım yaralı döyüş yoldaşım şəhid oldu. Çünki mərmi başının yarısını aparmışdı, can verirdi. Ümidim vardı ki, sağ qalacaq, əlimdə olan tibbi yardım vasitələri ilə ona məlhəm olmağa çalışdım, amma çifayda. Allah ruhunu şad etsin. O uşağı heç vaxt unutmayacağam. Bir növ qollarımda can verdi. Ancaq bir söz deyirdi: “Allah, beynim yanır”. Onun da qisməti ora qədər imiş...

“Qanımızı tökdük, ancaq avtomatla tankın qarşısını kəsdik”
- Qayıdandan sonra şəhidlərin məzarını ziyarət etdin. Onlardan hansıların yaddaşlara yazılacaq qəhrəmanlıqlarını xüsusi vurğulaya bilərsən? Məsələn, hansını film qəhrəmanı kimi canlandırmaq olar?
- Demək olar ki, hamısını. Hər biri qəhrəmandır. Şərt o deyil ki, xüsusi medal alalar. Mənə görə, döyüşlərdə can qoyan, vuruşan igidlərin hər biri qəhrəmandır. 18-19 yaşlı uşaqlar var idi bizdə. Hansı ki, deməzdin o yaşdadırlar. Ermənilərin üstünə necə gedirdilər, ilahi. Sanki illərini döyüş meydanlarında xərcləyiblər, peşəkardırlar. Biz orada avtomatla Xankəndidən gələn tankların qarşısına çıxmışdıq, canlı sipər olmuşduq. Onun nəticəsidir ki, ermənilər “podyom”u qalxa bilmədilər, Şuşaya əks-həmlə arzuları reallaşmadı. Bizim taborun da Vətən Müharibəsində verdiyi böyük töhfə məhz bu oldu. Canımızı verdik, qanımızı tökdük, ancaq avtomatla tankın qarşısını kəsdik. Hər biri ilə fəxr edirəm!

- Qazi olmaq imtiyaz baxımından sənə nə verdi?
- Dövlətin müəyyən etdiyi aylıq sabit gəlirdən yararlanırıq. Əsas odur ki, torpaqlarımız azad edildi. Ən böyük imtiyazımız, qazancımız budur.

- Bu yaxınlarda yenidən o torpaqlara ayaq basdın. Hansı hissləri keçirdin, müharibə gözündə yenidən canlandımı?
- Füzulidəki hava limanına düşəndə bir anlıq döyüşlər gözümün önündə canlandı. Müharibə vaxtı keçirdiyim hiss-həyəcanı yenidən yaşadım. Şuşada olarkən isə tam başqa auraya düşdüm. Axı əsas xatirələrim ora ilə bağlıdır. Şəhərin içindən vuruşduğum, yaralandığım Xankəndi magistralına da baxdım. İnşallah, tezliklə ora da bizim nəzarətimizə keçəcək.

“Hər an fors-major hala hazıram”
- Jurnalistikada təcrübən var. Gələcəkdə döyüş yolunu kitaba çevirmək fikrin yoxdur?

- Bəli, var. Artıq yüngülvari cızma-qara etmişəm. Sağlıq olsun, gələcəkdə kitaba çevirərəm.

- Müharibədən sonra tez-tez gündəmdə olursan, jurnalistlərin əksər turnirlərində, tədbirlərində sənə xüsusi diqqət-qayğı göstərilir. Bu necə hissdir?
- Təbii ki, əla hissdir. Hər birinə minnətdaram ki, bu mənəvi diqqəti, qayğını mənə göstərirlər. Sizə də təşəkkür edirəm ki, dəyər verib fikirlərimi alırsız. Açığı, artıq bu mövzu haqda danışmaq istəmirəm. Ancaq dostlar, həmkarlar aradıqca, dəyər verdikcə, danışmaya bilmirsən.

- Müharibədən əvvəlki Daşqınla sonrakı Daşqın arasında çox fərq var?
- Fikirlərim dəyişib. Hər an fors-major hala hazıram. Daim səksəkə içindəyəm. Müharibədə aldığım barotravmanın nəticəsidir yəqin ki...

- Müharibədə yaşanan, ancaq unutmadığın hansı epizodik hadisəni danışa bilərsən?
- Az da olsa, gülməli anlar yaşanıb. O da Şuşanın girişində dayananda “052”nin döyüşçüləri ilə yaşanan əhvalatdır. 4-5 nəfər gizir idi, qarşımızdan keçirdi. Onlara səsləndim ki, qardaş, ağaclıq tərəfə getməyin, ermənilər dayanmadan atəş açır ora. Onlar isə qulaq asmadılar və 20 metr irəliləmişdilər ki, ora atəş açıldı. Təlaş içində, düşməni söyə-söyə geri qayıtdılar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR