Metyu Brayza: “Dövlət Departamentinin 2006-ci il İnsan Haqları ilə bağlı hesabatına yenidən dəyişiklik edilməyəcək”

Metyu Brayza: “Dövlət Departamentinin 2006-ci il İnsan Haqları ilə bağlı hesabatına yenidən dəyişiklik edilməyəcək”
# 24 aprel 2007 08:45 (UTC +04:00)
O bildirib ki, ABŞ-la Azərbaycan arasında təhlükəsizlik məsələsi ilə bağlı aprelin 23-24-də Vaşinqtonda keçirilməsi nəzərdə tutulan məsləhətləşmələrə Azərbaycandan nümayəndə heyətinin göndərilməsi təxirə düşəndən sonra xarici işlər naziri Elmar Məmmədyarovla telefon danışıqları aparıb. M. Brayza Dövlət Departamentinin İnsan Haqları ilə bağlı illik hesabatında edilən dəyişikliyin Azərbaycanda yaratdığı ajiotajdan məyus olduğunu, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ABŞ-ın siyasətində dəyişiklik baş vermədiyini qeyd edib: “ Rəsmi Vaşinqton heç vaxt Azərbaycanın ərazi bütövlüyünü şübhə altına almayıb”. Dövlət katibinin müavini “İnsan Haqları ilə bağlı hesabatda Dağlıq Qarabağ və Azərbaycanın daha 7 ətraf rayonu işğal edilib” müddəasının dəyişdirilməsini necə qiymətləndirirsiniz?” sualına cavab verməkdən imtina edib. Amma o bildirib ki, hesabata yenidən heç bir dəyişiklik edilməyəcək.
M. Brayza bu xoşagəlməz hadisənin tezliklə unudulmasını, Azərbaycanla təhlükəsizlik sahəsində əməkdaşlıqla bağlı məsləhətləşmələrin bərpa olunmasını arzuladığını da deyib. O, Dağlıq Qarabağla bağlı ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə aparılan danışıqlarda “əsas prinsiplərin həllinə yaxın olduqlarını” da vurğulayıb: “Bu vəziyyətdə əlavə gərginlik yaranması danışıqlara təsir edə bilər”.
Qeyd edək ki, ABŞ Dövlət Departamentinin illik hesabatının ilkin variantında “Ermənistan Dağlıq Qarabağı və Azərbaycanın daha yeddi rayonunu işğal edib” yazılsa da, hesabat dərc ediləndən sonra edilən düzəlişdə “Erməni hərbi qüvvələri Azərbaycanın Dağlıq Qarabağa bitişik böyük hissəsini əllərində saxlayırlar. Ermənistan Respublikasının rəsmiləri bəyan edirlər ki, respublika Dağlıq Qarabağı bilavasitə işğal etməyib” kimi qeyd yer alıb. Buna görə də Azərbaycan hökuməti ABŞ-la Azərbaycan arasında təhlükəsizlik məsələsi ilə bağlı bu il aprelin 23-24-də Vaşinqtonda keçirilməsi nəzərdə tutulan məsləhətləşmələrə nümayəndə heyəti göndərilməsini təxirə salıb.
Onu da vurğulayaq ki, Dövlət Departamenti bu düzəlişi Amerika Erməni Milli Komitəsinin müdaxiləsindən sonra edib./APA/

Digər xəbərlər

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR