AİJA prezidenti: "AİPS qarşısında öhdəlikləri hər zaman yüksək səviyyədə yerinə yetiririk" - MÜSAHİBƏ

AİJA prezidenti: "AİPS qarşısında öhdəlikləri hər zaman yüksək səviyyədə yerinə yetiririk" - MÜSAHİBƏ
  • Clock-gray 12:57
  • calendar-gray 02 İyul 2020

Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının (AİJA) prezidenti Eldar İsmayılovun apasport.az saytına müsahibəsi

- Bu gün Beynəlxalq İdman Jurnalistləri Günüdür. Bu günü necə qeyd edəcəksiniz?
- Əvvəla fürsətdən istifadə edib bütün idman mediasını, yaradıcılıqları ilə töhfələr verən jurnalistləri təbrik edirəm. Bildiyiniz kimi, 1924-cü il iyulun 2-də Olimpiada vaxtı Fransada jurnalistlər bir araya yığılaraq Beynəlxalq İdman Mətbuatı Assosiasiyasının (AİPS) təməlini qoyublar. Buna görə də qərara alınıb ki, 2 iyul Beynəlxalq İdman Jurnalistləri Günü kimi qeyd olunsun. Bunu hər il keçirməyə çalışırıq. Ancaq bu il məlum koronavirus pandemiyası səbəbindən bütün tədbirlər dayandırıldığı üçün planımızı gerçəkləşdirə bilmədik.

- Bu il AİJA-nın 25 illiyidir. Bununla bağlı xüsusi bir tədbir planlaşdırılırmı?
- Bəli, bu il AİJA-nın 25 ili tamam olur. 1995-ci ildə təsis yığıncağında gənclər və idman naziri özü şəxsən iştirak eləmişdi. AİJA AİPS-in Avropa idman mətbuatı ittifaqının Azərbaycandakı təmsilçisidir. Bu il böyük tədbirlər keçirməyi planlaşdırmışdıq. Hətta ilin yekunları ilə bağlı jurnalistlərə təqdim olunacaq mükafatların hamısı hazırdır. Kütləvi tədbirlər qadağan olunduğu üçün mükafatları təqdim edə bilmirik. Bir çox böyük yarışlar, həmçinin Olimpiada təxirə salındı. Bu il hətta dünya təşkilatının konqressinin keçirilməsi də sual altındadır.

- Beynəlxalq İdman Mətbuatı Assosiasiyasının (AİPS) üzvüsünüz və 77-ci Konqress Azərbaycanda baş tutmuşdu. Gələcəkdə belə tədbirlərin ölkəmizdə keçirilmək etimalı varmı?
- MDB ölkələri tarixində Rusiyadan sonra elə bir ölkə olmamışdı ki, oranın nümayəndəsi dünya təşkilatının İcraiyyə Komitəsinin üzvü olsun. 1998-ci ildə üzvlüyə qəbul üçün bir səs çatmamışdı. 2010-cu ildə AİPS Avropanın Antalyadakı 32-ci Baş Assambleyasında keçirilən seçkilər zamanı İcraiyyə Komitəsinə üzv seçildim. 77-ci Konqres zamanı isə Azərbaycan prezidentinin tapşırığı ilə Bakıya gələn qonaqlar yüksək səviyyədə qarşılandılar. Cənab Prezident Konqress öncəsi iştirakçılarının şərəfinə verilən ziyafətə qatıldı. Adətən konqress 3 və ya 4 gün keçirilir. Bakıda bu, 5 gün çəkmişdi. Biz yenə də ölkəmizdə böyük yığıncaqların keçirilməsində maraqlıyıq. Bununla bağlı gözəl planlarımız var, ancaq bunun üçün dəstək olmalıdır. Hətta yay vaxtı Naxçıvanda bir tədbir təşkil etmək niyyətimiz var. Avropa idman jurnalistlərinin seminarı ənənəvi olaraq keçirilir. Biz həmçinin Gəncədə, Qəbələdə belə seminarların təşkilini istəyirik. Qonaqlarımızı bölgələrimizlə tanış etmək fikrimiz var.

- Azərbaycanda idman jurnalistikasının hazırkı durumunu necə dəyərləndirərdiniz?
- Nə çox yüksək, nə də çox aşağı dəyərləndirirəm. Daha yaxşı ola bilər, bunun üçün də idman jurnalistləri arasında birlik lazımdır. Bilirsiniz, idman jurnalistləri adlı ayrıca bir qol yoxdur. Əvvəl gərək jurnalist olasan, sonra idmandan yazasan. Məsələn, Çingiz İsmayılov "Neftçi"nin qapıçısı idi, sonradan jurnalistika fakültəsini bitirdi və bu sahədə peşəkar səviyyədə çalışdı. Düzdür, başqa sahələrdən də jurnalistikaya gəlib parlayanlar var. Amma hər oxuyan Molla Pənah olmaz. Əsas odur ki, jurnalist etikasını, həmrəyliyini, dəst-xəttini qorusunlar. Jurnalistikanın özünəməxsus incə xüsusiyyətləri var. Peşəkar jurnalistin hazırlamadığı yazılarda qüsurlar olur. 54 ildir ki, dövri mətbuatda peşəkar jurnalist kimi fəaliyyət göstərirəm. Mənə böyük ustadlar, nəhənglər dərs deyiblər. Jurnalistikanın inkişafı üçün çox çalışmaq lazımdır. Bu mənada AİJA-nın da çiyinlərinə böyük yük düşür. Təəssüf ki, bizim təşəbbüslərimiz çox vaxt idman nazirliyi səviyyəsində dəstəklənmir. Çünki maliyyə durumumuz buna imkan vermir. Halbuki dünya təşkilatı hər ölkədən yalnız bir üzvü tanıyır. AİJA da AİPS qarşısında öhdəliklərini hər zaman yüksək səviyyədə yerinə yetirib.

- Sizcə, idman jurnalistikası ilə bağlı əsas problemlər və bunların həlli yolları nələrdir?
- Birincisi, daim öyrənmək lazımdır. Təkcə futbolçuların adlarını əzbərləyib onların işini yazmaqla kifayətlənmək doğru deyil. Onları azarkeşlər də tanıyır. 3-4 cümləni ard-arda qoşmaqla jurnalistlik olmur. Bizim qapımız hər kəsin üzünə açıqdır və heç vaxt da nədəsə maddi marağımız olmayıb. Hətta təqdim etdiyimiz mükafatları da şəxsi vəsaitimiz hesabına alırıq. Bu da hər il 1000 manata yaxın pul edir. Çalışırıq idman jurnalistlərini qiymətləndirək. Bunu müəyyən edərkən də peşəkarların rəylərini nəzərə alırıq. Əvvəl səsvermə ilə keçirirdik. Amma bu, yaxşı effekt vermirdi. Çünki hərə özünə səs toplatdırırdı. İndi isə individual şəkildə peşəkarlara müraciət edirik. Onlar da faktlarla seçimlərini deyirlər. Bunu nəzərə alaraq hər il qalibləri seçirik. İdman jurnalistikasında olan problemlərin həlli mümkündür.

ApaSport

Digər xəbərlər