AMADA idmançı hüquqlarının qorunması ilə bağlı tədqiqata başlayıb

AMADA idmançı hüquqlarının qorunması ilə bağlı tədqiqata başlayıb
# 19 mart 2021 14:14 (UTC +04:00)

Dünyada antidopinq icraatı zamanı idmançı hüquqlarının qorunmasının hansı dərəcədə təmin edilməsinin araşdırılması məqsədi ilə Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) tərəfindən hazırlanmış beynəlxalq layihənin icrasına başlanılıb.

AMADA-dan apasport.az saytına verilən məlumata görə, həm ölkə daxilində, həm digər ölkələrdə Azərbaycanın idmançılarının antidopinq sahəsində hüquqlarının qorunması və onların ədalətli dinləmə imkanlarının təmin edilməsi qurum üçün hər zaman prioritet olan məsələdir.

Xüsusilə də antidopinq icraatı zamanı idmançıların hüquqların təmin edilməsi və ədalətli qərarın çıxarılması onların gələcək karyerası baxımından vacibdir. Bu layihənin nəticəsi də bütün dünyada idmançıların ədalətli dinləmələrə çıxışının və qərarların qərəzsiz və müstəqil qaydada qəbul edilməsinin hansı dərəcədə olmasını müəyyən edəcək.

Layihə AMADA-nın direktoru, Avropa Şurasının “İnsan Hüquqları” üzrə Ekspertlər Qrupunun sədr müavini Şəfəq Hüseynli tərəfindən Antidopinq Konvensiyası Monitorinq Qrupunun 17-18 dekabr 2020-ci il tarixində keçirilən 52-ci iclasında təqdim edilib və bütün iştirakçı dövlətlər bu təşəbbüsü müsbət qarşılanıb. Avropa Şurası layihəni dəstəkləyib, Şuranın əsas dəyərlərindən olan insan hüquqlarının qorunması istiqamətində bu layihənin gələcəkdə atılacaq addımlara mühüm töhfə olmasını vurğulanıb və bütün ölkələri layihədə iştirak etməyə çağırılıb.

Antidopinq sahəsində idmançıların hüquqlarının təmin edilməsi üzrə ilk beynəlxalq irimiqyaslı araşdırma olan bu layihəyə AMADA beynəlxalq ekspertlər də cəlb edib. Layihə Avropa, Asiya, Amerika, Afrika qitələrindən və Okeaniyadan olan 60-dan çox Milli Antidopinq Təşkilatlarını əhatə edir. Bu araşdırma idmançı hüquqlarının təmin edilməsinin keyfiyyət və kəmiyyət baxımdan qiymətləndirilməsinə, mövcud təcrübələrin öyrənilməsinə və icraat zamanı mövcud olan boşluqları və uyğunsuzluqları müəyyənləşdirməyə imkan verəcək. Əldə olunan məlumatlar ətraflı təhlil edilərək yekun hesabat hazırlanacaq və Avropa Şurası Monitorinq Qrupunun iclasında təqdim ediləcək.

Qeyd edək ki, idmançıların hüquqların qorunmasına AMADA hər zaman diqqət yetirir və bu sahədə müxtəlif addımlar atılır. 2019-cu ildən etibarən AMADA-da pro bono (ödənişsiz) əsasında hüquqi yardım proqramı təsdiq edilib. Proqram çərçivəsində antidopinq qayda pozuntusunu törətməkdə təqsirləndirilən idmançılar intizam və apelyasiya icraatlarında hüquq şirkətlərinin nümayəndələri tərəfindən müdafiə və təmsil olunurlar. Bu müsbət təcrübə digər ölkələrin milli antidopinq təşkilatlarına da tövsiyə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR