Azərbaycan gimnastı Bakıda yarımçıq qalan Dünya Kubokunun bürünc medalçısı elan edilib

Azərbaycan gimnastı Bakıda yarımçıq qalan Dünya Kubokunun bürünc medalçısı elan edilib
# 10 aprel 2020 14:57 (UTC +04:00)

Beynəlxalq Gimnastika Federasiyasının (FİG) İcraiyyə Komitəsinin videokonfransı keçirilib.

Apasport.az saytının məlumatına görə, komitə üzvləri Tokio-2020 Yay Olimpiya Oyunlarının 2021-ci ilə təxirə salınması, koronavirus pandemiyası üzündən bir sıra yarışların təxirə düşməsi və ləğvi ilə əlaqədar müzakirələr aparıb.

Tədbirdə bir sıra vacib qərarlar da verilib. Qurum idman gimnastikası üzrə Dünya Kubokunun Bakıda start götürən, lakin yarımçıq dayandırılan mərhələsi barədə də müzakirələr aparıb.

Qərara alınıb ki, martın 12-13-də keçirilən təsnifat mərhələsinin nəticələri yekun kimi qəbul olunsun. Gimnastlar da həmin nəticələrə əsasən reytinq və lisenziya xalları qazanacaq.

Nəticədə 10 dəst medal sahibini tapıb. Kişilər 6, qadınlar 4 növdə mükafatçıları tanıyıb. Azərbaycan yeganə medalı qadınların dayaqla tullanma yarışında əldə edib. Marina Nekrasova 3-cü yeri tutub. Bakıdakı yarışa görə Çin daha çox - 3, Türkiyə 2 qızıl medal əldə edib.

İcraiyyə Komitəsi Tokio-2020-yə lisenziya xarakterli yarışlardakı minimal yaş həddini dəyişməyi zəruri sayıb. Olimpiadaya lisenziya qazanan idmançılarla yanaşı, Tokio-2020 üçün seçilən hakimlərin də siyahısında dəyişiklik edilməməsi qərara alınıb.

FİG təxirə salının dünya çempionatları, o cümlədən Bakıda planlaşdırılan aerobika üzrə mundialı da müzakirə edib. Bildirilir ki, federasiya təşkilatçı ölkələrlə daim əlaqədə olub, çempionatın 2021-ci ildə keçirilməsi üçün mümkün yeni tarixləri müəyyənləşdirəcək.

Həmçinin 2021-ci ildə keçiriləcək dünya çempionatlarının təxirə salınmayacağı qeyd olunub. Bu yarışlardan biri Bakıda keçirilməli olan batut gimnastikası üzrə mundialdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR