Azərbaycan qılıncoynadanları Dünya Kubokunda "10-luq"dan kənar qalıblar

Azərbaycan qılıncoynadanları Dünya Kubokunda "10-luq"dan kənar qalıblar
# 14 mart 2021 23:47 (UTC +04:00)

Bu gün Macarıstanın paytaxtı Budapeşt şəhərində keçirilən kişi və qadın sablyaçılar arasında Dünya Kubokunda komanda yarışlarında qaliblər müəyyənləşib.

Azərbaycan Qılıncoynatma Federasiyasından apasport.az saytına verilən məlumata görə, mübarizəyə 1/16 finaldan başlayan Anna Başta, Valeriya Bolşakova, Səbinə Kərimova və Sevil Bünyatovadan ibarət komandamız qadın sablyaçıların komanda yarışında Rumıniya yığması 45:32 hesabı ilə məğlub edib.

Təmsilçimiz ən güclü 8 komanda sırasına yüksəlmək uğrunda keçirilən görüşdə turnirin reytinq favoritlərindən sayılan, finalda Polşa yığmasına 44:45 hesabı ilə məğlub olan İtaliya seçmə kollektivinə 26:45 hesabı ilə uduzub.

9-16-cı yerlər uğrunda görüşdə Almaniya yığması üzərində 45:42 hesablı qələbə qazanan komandamız növbəti görüşdə ABŞ sablyaçılarına 32:45 hesabı ilə məğlub olub. 11-ci yer uğrunda Gürcüstanın qadınlardan ibarət sablya yığması ilə qarşılaşan millimiz rəqibini 45:25 hesabı ilə məğlub edib.

Qeyd edək ki, qılıncoynadanlarımız fərdi yarışlarda da medal qazana bilməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR