WADA və AMADA-nın rəhbərləri arasında görüş keçirilib

WADA və AMADA-nın rəhbərləri arasında görüş keçirilib
# 04 mart 2021 14:55 (UTC +04:00)

Martın 3-də Ümumdünya Antidopinq Agentliyinin (WADA) prezidenti Vitold Banka, qurumun baş direktoru Olivie Niqli və Azərbaycan Milli Antidopinq Agentliyinin direktoru Şəfəq Hüseynli arasında görüş keçirilib.

AMADA-dan apasport.az saytına verilən məlumata görə, videokonfrans formatında baş tutan görüşdə WADA-nın 2020-2024-cü illər üzrə strateji planında qeyd edilmiş hədəflərlə bağlı görülmüş işlər müzakirə edilib, Milli Antidopinq Təşkilatları və digər tərəfdaşlarla əməkdaşlığın vacibliyi vurğulanıb.

Görüşün gündəliyində duran digər bir məsələ idmançıların antidopinq proseslərinə cəlb edilməsi ilə bağlı olub.

Görüşdə həmçinin WADA-nın fəaliyyətinin effektivliyinin artırılması üçün təhsil, araşdırma və inkişaf istiqamətlərində istifadə etmək üçün əlavə maliyyə mənbələrinin cəlb edilməsi və Antidopinq Həmrəylik Fondunun fəaliyyət mexanizmi müzakirə edilib.

Müzakirələr zamanı WADA-nın idarəetmə prinsiplərinin və mexanizmin təkmilləşdirilməsi barəsində 2018-ci ilin noyabr ayında Bakıda keçirilən Təsisçilər Şurası və İcraiyyə Komitəsinin qərarı üzrə indiyədək atılmış addımlar da diqqət mərkəzində olub.

Bundan əlavə, ABŞ tərəfindən qəbul edilmiş “Rodçenkov antidopinq aktı”nın xüsusiyyətləri və praktiki tətbiqi ilə bağlı yaranan suallar, habelə İdman Arbitraj Məhkəməsinin (CAS) RUSADA ilə bağlı qərarı və bunun nəticələri barədə fikir mübadiləsi aparılıb.

WADA-nın prezidenti Vitold Banka bildirib ki, idmanda bütövlüyün qorunması bütün maraqlı tərəflər arasında səmərəli əməkdaşlıq tələb edir. Buna görə də, bu cür görüşlərin keçirilməsi görülmüş və görüləcək işlərin səmərəliliyi baxımından vacibdir. Vitold Banka WADA-nın fəaliyyətindəki yeniliklər, o cümlədən 2021-ci il Ümumdünya Antidopinq Məcəlləsinin tətbiqində qarşıya çıxan məsələlər haqqında danışıb.

Görüşdə AMADA-nın direktoru Şəfəq Hüseynli ölkədə antidopinq sahəsindəki vəziyyət, bu sahədə baş verən yeniliklər, Yeni Ümumdünya Antidopinq Məcəlləsinin tətbiqi ilə bağlı görülən işlər və AMADA-nın həyata keçirdiyi layihələr barədə ətraflı məlumat verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR