Azərbaycanda fitnes mərkəzlərində dopinqə qarşı mübarizə sərtləşdiriləcək

Azərbaycanda fitnes mərkəzlərində dopinqə qarşı mübarizə sərtləşdiriləcək
# 31 oktyabr 2019 16:47 (UTC +04:00)

Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) həvəskar idmanda dopinqin istifadəsinə qarşı mübarizə sahəsində Danimarka təcrübəsini öyrənir.

APA-nın məlumatına görə, AMADA-nın nümayəndə heyəti 23-24 oktyabrda Kopenhagen şəhərində keçirilən “Fitnesdə dopinq və səhiyyə” beynəlxalq konfransında iştirak edib və Danimarka Antidopinq Təşkilatı (ADD) ilə bir sıra görüşlər keçirib.

Konfrans iştirakçıları anabolik steroidlər və böyümə hormonlarının fitnes mərkəzlərində və idman zallarında istifadəsi, gənclər arasında yayılması, insan sağlamlığına mənfi təsiri ilə bağlı son araşdırmaların nəticələrini müzakirə edib. Həmçinin tədbirdə anabolik steroidlər və böyümə hormonlarının qlobal “qara bazarı”, onların qeyri-leqal yayılması yolları, onlarla mübarizə üsulları, antidopinq təşkilatları və hüquq-mühafizə orqanları arasında əməkdaşlıq məsələləri təhlil edilib.

“Oxşar problemləri biz Azərbaycanda da müşahidə edirik. Anabolik steroidlərdən gənclərin istifadə etməsi bizi xüsusilə narahat edir. Gənclərə bu maddələr əsasən fitnes mərkəzlərində və idman zallarında təklif olunur. Çoxsaylı tədqiqatlar sübut edir ki, anabolik steroidlər və böyümə hormonları insan sağlamlığına çox ciddi mənfi təsir göstərir”, - AMADA-nın direktoru Şəfəq Hüseynli Danimarka səfərinin yekununda bildirib.

Onun sözlərinə görə, ADD həvəskar idmanda dopinqin istifadəsinə qarşı mübarizə sahəsində ən qabaqcıl təşkilatlardan biri hesab edilir: “Biz Danimarka təcrübəsini diqqətlə öyrənirik və anabolik steroidlərin fitnes mərkəzlərində və idman zallarında yayılmasının qarşısının alınması istiqamətində daha da fəal işləyəcəyik. Biz bu sahədə hüquq-mühafizə orqanları ilə çox sıx əməkdaşlıq edirik”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR