Azərbaycan badmintonçusunun Tokio Olimpiadasına vəsiqə qazanmaq şansı yaranıb

Azərbaycan badmintonçusunun Tokio Olimpiadasına vəsiqə qazanmaq şansı yaranıb
# 13 sentyabr 2019 12:17 (UTC +04:00)

Ümumdünya Badminton Federasiyasının reytinq cədvəli açıqlanıb.

APA-nın məlumatına görə, Azərbaycan badmintonçusu Edi Reski Dviçayo kişilərin şəxsi kateqoriyası üzrə siyahıda 50-ci sırada qərarlaşıb.

Ötən ay Ukraynada keçirilən “RSL Kharkiv International 2019” turnirində gümüş medal qazanan idmançı aktivinə 3,400 xal əlavə edib. O, bununla da xallarını 13,990-a çatdırıb.

Olimpiya Oyunlarında kişilərin şəxsi yarışında eyni ölkədən maksimum 2 nəfər iştirak edə bilər. Buna görə də badmintonçu təsnifat sıralamasında 28-cidir. O, hazırkı siyahıda ABŞ idmançısı Timati Lam və rusiyalı Vladimir Malkov kimi badmintonçuları geridə qoymağı bacarıb.

Belə yüksək mövqedə qərarlaşması təmsilçimizə dördilliyin ən mötəbər yarışına vəsiqələrdən birinə real iddiaçıya çevirib. Badmintonçumuz 2020-ci il aprelin 30-da açıqlanacaq reytinqdə yüksək pillələrdən birində qərarlaşsa, Azərbaycan idman tarixinə düşəcək. O, bu idman növündə Olimpiadaya ilk lisenziyanın sahibi olacaq.

Qeyd edək ki, Olimpiya Oyunlarına 38 badmintonçu qatılacaq. Bunlardan 34-ü reytinqə əsasən rəsmiləşəcək. Digər 4 lisenziyadan 1-i ev sahibi Yaponiyaya, 3-ü Beynəlxalq Olimpiya Komitəsi, Ümumdünya Badminton Federasiyası və müvafiq ölkənin yerli federasiyasının daxil olduğu komissiyanın qərarına əsasən veriləcək. Bütün kateqoriyalarda hər qitədən minimum 1 iştirakçı olimpiya oyunlarında təmsil olunmalıdır. Əgər yekun siyahıda hər hansı qitədən təmsilçi yer almazsa, o zaman ən yüksək reytinqli idmançısına olimpiadada iştirak hüququ yaradılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR