Azərbaycanın antidopinq qanunvericiliyinə dəyişikliklər gözlənilir

Azərbaycanın antidopinq qanunvericiliyinə dəyişikliklər gözlənilir
# 07 noyabr 2019 11:43 (UTC +04:00)

Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) Ümumdünya Antidopinq Məcəlləsi və bir sıra beynəlxalq standartlara yenidən baxılması ilə əlaqədar qanunvericiliyə dəyişikliklər paketi hazırlayır.

APA-nın məlumatına görə, bunu Polşanın Katovitse şəhərində keçirilən Ümumdünya Antidopinq Konfransında iştirak edən AMADA-nın direktoru Şəfəq Hüseynli bildirib.

1500-dən çox iştirakçının qatıldığı konfransa AMADA-nın nümayəndə heyəti də qatılıb. Beşinci dəfə keçirilən tədbir Ümumdünya Antidopinq Agentliyinin 20 illiyinə təsadüf edib. Konfransın əsas məqsədi yeni Məcəllə və standartların yekun variantlarını qəbul olunmasıdır. Bunların sırasına artıq mövcud olan Ümumdünya Antidopinq Məcəlləsinə uyğunluq, Laboratoriyalar, Qadağan edilmiş maddə və üsullar siyahısı, Fərdi məlumatların məxfiliyi və qorunması, Test keçirmə və təhqiqatlar, Terapevtik istifadə üçün istisnalar üzrə standartlar və ilk dəfə qəbul olunan Təhsil və Nəticələrin emalı üzrə standartlar da daxildir. Sənədlər 2021-ci ilin əvvəlindən qüvvəyə minəcək.

“Məcəllə Ümumdünya Antidopinq Proqramının əsas sənədidir. Məcəllə və standartlara yenidən baxılması milli antidopinq qanunvericiliyinə ciddi əlavə və dəyişikliklərin edilməsini zəruri edir”, - Ş.Hüseynli deyib.

Onun sözlərinə görə, düzəlişlər kompleks xarakter daşıyır: ““İdmanda dopinq vasitələrindən və üsullarından istifadəyə qarşı mübarizə haqqında” qanun və Antidopinq qaydalarından savayı Mülki Məcəllə, Cinayət Məcəlləsi, İnzibati Xətalar Məcəlləsi və digər qanunvericilik aktlarına da düzəlişlərin edilməsi nəzərdə tutulur. AMADA düzəlişlər paketini Nazirlər Kabinetinə yaxın bir zamanda təqdim edəcək”.

Ümumdünya Antidopinq Məcəlləsi 2004-cü ildə işləməyə başlayıb. Hal-hazırda 2015-ci ilin Məcəlləsi qüvvədədir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR