Bakıda keçirilən bədii gimnastika üzrə dünya çempionatında ilk gün başa çatıb

Bakıda keçirilən bədii gimnastika üzrə dünya çempionatında ilk gün başa çatıb
# 16 sentyabr 2019 19:06 (UTC +04:00)

Bakıda keçirilən bədii gimnastika üzrə dünya çempionatında ilk yarış gününə yekun vurulub.

APA-nın məlumatına görə, təsnifat mərhələsində mübarizə aparan gimnastlar iki hərəkətdə bacarıqlarını nümayiş etdiriblər.

İştirakçıların hər biri top və halqadan biri ilə xalçaya çıxıb. Topla hərəkətdə ukraynalı Vlada Nikolçenko hamını qabaqlayıb – 21,400 xal. Onun ən yaxın izləyiciləri italiyalı Milena Baldassarri (21,300) və israilli Nikol Zelikman (21,250) olublar.

Halqa ilə hərəkətdə isə Dina Averina (Rusiya) fərqlənib – 23,650. Onun komanda yoldaşı Yekaterina Seleznyova (23,400) və bolqarıstanlı Boryana Kaleyn (21,600) də ilk “üçlük”də yer alıblar.

Azərbaycan idmançıları da halqa ilə hərəkətdə çıxış ediblər. Zöhrə Ağamirovanın çıxışı 19,000 xalla qiymətləndirilib. Veronika Hudisin göstəricisi isə 16,950-yə bərabər olub. Onlar bu hərəkətdə müvafiq olaraq, 12-ci və 30-cu yerləri tutublar.

İlk gündən sonra çoxnövçülükdə Z.Ağamirova 27-ci, V.Hudis 56-cı yerdə qərarlaşıb. Yarışda liderliyi D.Averina (23,650) ələ alıb. Onu Y.Seleznyova (23,400) və B.Kaleyn (21,600) izləyirlər.

Komanda hesabında Rusiya (47,050) 1-ci, İsrail (42,500) 2-ci, İtaliya (42,250) 3-cüdür. 35,950 xala malik Azərbaycan 19-cudur.

Qeyd edək ki, sabah gimnastlar top və halqa ilə təsnifat mərhələsini başa vuracaq, ardınca bu iki hərəkətdə final mərhələsində qaliblər müəyyənləşəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR