Alban-udi xristian dini icması Tehranda səfirliyimizə hücumu pisləyib

Alban-udi xristian dini icması Tehranda səfirliyimizə hücumu pisləyib
# 27 yanvar 2023 19:04 (UTC +04:00)

Yanvar ayının 27-də Azərbaycan Respublikasının İran İslam Respublikasının paytaxtı Tehran şəhərindəki Səfirliyinə qarşı törədilmiş terror hadisəsi bizi dərindən sarsıdıb.

APA xəbər verir ki, bu barədə Alban-udi xristian dini icmasının sədri Robert Mobili “Facebook”da bildirib.

“Bu silahlı hücumun qarşını alarkən həlak olmuş səfirliyin əməkdaşı baş leytenant Əsgərov Orxan Rizvan oğluna görə xalqımıza dərin hüznlə başsağlığı verir, Tanrıdan onun yaxınlarına səbir diləyirik. Eyni zamanda, mənfur hadisədə yaralanmış digər iki əməkdaşın tezliklə sağlamlığına qovuşması üçün dua edirik.

Bildiririk ki, Tehrandakı səfirliyimizə qarşı törədilmiş cinayət hadisəsi ölkələrarası siyasi və diplomatik münasibətlərin, bu sahəni tənzimləyən beynəlxalq hüquqi sənədlərin, xüsusilə də Vyana Konvensiyasının pozulması ilə yanaşı, dünya mədəniyyətinin beşiklərindən sayılan çoxmillətli, müxtəlif dinlərin nümayəndələrin yaşadığı regionda mənəvi dəyərlərə, sülhə, əmin-amanlığa qarşı atılmış çirkin addımdır. Səfirliyimizə edilmiş silahlı hücum bugünədək İranda insan hüquq və azadlıqlarına qarşı aparılan siyasətin, özündən olmayanlara nifrət hisslərinin təbliğatının nəticəsidir.

Məlumdur ki, bu hadisə İran tarixində ilk hadisə deyil. Qonşu ölkənin rəsmi şəxslərinin hadisənin motivi dəyişməyə çalışması da bu hadisənin sonuncu olmayacağına əsas verir. Ümumiyyətlə, son dövrlər baş verən hadisələrə nəzər saldıqda İranda yalnız diplomatik nümayəndəliklərin deyil, eyni zamanda, bu ölkədə yaşayan bütün insanların, onların sahib olduqları əxlaqi-mənəvi dəyərlərin təhlükə altında olduğu görürük. Bu da İranın adından hərtərəfli şəkildə istifadə etdiyi İslam dini ilə ziddiyyət təşkil edir.

Azərbaycan Respublikasının Alban-udi xristian dini icmaları adından Azərbaycanın Tehrandakı Səfirliyinə qarşı törədilmiş terror hadisəsini şiddətlə pisləyirik. Ümid edirik ki, İran dövləti hadisəni ədalətli şəkildə araşdırmaqla və günahkarları cəzalandırmaqla Azərbaycan xalqı və dünya ictimaiyyəti qarşısında öz üzərinə düşən vəzifəni qismən də olsa yerinə yetirəcək”, - o qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR