Allahşükür Paşazadə Gürcüstanın Baş naziri ilə görüşüb - YENİLƏNİB

Allahşükür Paşazadə, İrakli Qaribaşvili

© APA | Allahşükür Paşazadə, İrakli Qaribaşvili

# 22 iyul 2022 13:02 (UTC +04:00)

Tbilisidə səfərdə olan Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ilə görüşüb.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə məlumatı Gürcüstan hökumətinin mətbuat xidməti yayıb.

Bildirilib ki, görüş zamanı Baş nazir İrakli Qaribaşvili qeyd edib ki, Azərbaycan Gürcüstanın təkcə qonşusu deyil, həm də qardaş xalq, dost dövlətdir və Gürcüstan iki ölkə arasında mövcud olan dostluq və qardaşlıq əlaqələrini yüksək qiymətləndirir.

“Mən həmişə deyirəm ki, Azərbaycan təkcə bizim qonşumuz deyil, həm də qardaş xalqımız, dost dövlətimizdir və təbii ki, biz ölkələrimiz arasında mövcud olan qardaşlığı, dostluğu yüksək qiymətləndiririk. Bütün istiqamətlərdə bizim qeyri-adi nəticələrimiz, konkret irəliləyişlərimiz, çox yaxşı münasibətlərimiz mövcuddur və sizin səfəriniz bu qardaşlığın, sevginin sübutudur”, - deyə baş nazir bildirib.

Allahşükür Paşazadə isə öz növbəsində Gürcüstan Baş nazirinə Azərbaycan Prezidenti İlham Əliyevin səmimi salamlarını çatdırıb. O, Gürcüstanın baş nazirinin iki ölkə arasında qardaşlıq və dostluq münasibətlərinə verdiyi töhfəni vurğulayıb.

“Səfərə başlamazdan əvvəl Prezident İlham Əliyevlə əlaqəmiz oldu və o, xüsusi olaraq məndən onun səmimi salamlarını şəxsən sizə çatdırmağı xahiş etdi və mən bu vəzifəni yerinə yetirdim. Mən siyasətçi deyiləm, amma Qafqazda bu iki qonşu ölkənin münasibətlərinin siyasi, iqtisadi, mədəni, dini və digər istiqamətlərdə yüksək səviyyədə olması birmənalı olaraq diqqət çəkir”, - deyə Allahşükür Paşazadə bildirib.

Görüş zamanı Gürcüstan hökumətinin müsəlman icmasına dəstək istiqamətində həyata keçirdiyi müxtəlif məsələlərə də diqqət yetirilib.

Qeyd olunub ki, Gürcüstanda dövlət tərəfindən 228 məscid, o cümlədən 1300 kvadratmetr ərazi müsəlmanların ixtiyarına verilib. Ümumilikdə isə bu gün Gürcüstanda 300 məscidin fəaliyyət göstərdiyi qeyd olunub.

Görüşdə Azərbaycanın Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Faiq Quliyev, QMİ sədrinin birinci müavini Salman Musayev və Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Sahib Nağıyev də iştirak ediblər.

***

11:46

Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadənin Gürcüstana səfəri davam edir.

APA xəbər verir ki, QMİ sədrinin Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ilə görüşü olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR