“Azərbaycan: birgəyaşayış nümunəsi” mövzusunda konfrans keçirilib - FOTO

“Azərbaycan: birgəyaşayış nümunəsi” mövzusunda konfrans keçirilib  - FOTO
# 14 noyabr 2022 13:51 (UTC +04:00)

Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondunun təşkilatçılığı ilə Beynəlxalq Tolerantlıq Günü münasibətilə “Azərbaycan: birgəyaşayış nümunəsi” mövzusunda konfrans keçirilib.

APA xəbər verir ki, tədbirdə DQİDK, Mənəvi Dəyərlərin Təbliği Fondu, Azərbaycan İlahiyyat İnstitutu və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin rəhbərliyi, millət vəkilləri, ölkəmizdə fəaliyyət göstərən müsəlman və qeyri-müsəlman dini icmaların rəhbərləri və üzvləri iştirak edib. Dövlət Komitəsi sədrinin müavini Səyavuş Heydərov Azərbaycanda dövlət-din münasibətlərində həssas nəzarətlə bərabər, ölkədə dini etiqad azadlığı üçün yaradılan şərait, bütün dini konfessiyalara, ibadət yerlərinə göstərilən xüsusi qayğı, həmçinin digər dinlərin daşıyıcılarına münasibətdə tolerantlıq və birgəyaşayış vərdişlərinin önəmi barədə danışıb.

Sonra millət vəkilləri Hikmət Babaoğlu və Nəsib Məhəməliyev, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov, Azərbaycan İlahiyyat İnstitutunun rektoru Aqil Şirinov, Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Mehman İsmayılovun çıxışları dinlənilib.

Tədbirdə, eləcə də Qafqaz Müsəlmanları İdarəsinin nümayəndəsi, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının katibi Aleksiy Nikonorov, Bakı şəhəri Dağ yəhudiləri dini icmasının sədri Milix Yevdayev, Roma Katolik Kilsəsinin Azərbaycandakı ordinarisi Vladimir Fekete, Avropa yəhudilərinin Bakı dini icmasının sədri Aleksandr Şarovski, Alban-Udi Xristian dini icmasının sədri Robert Mobili Azərbaycanda müxtəlif dinlərə məxsus ibadətgahların, dini tədris müəssisələrinin sərbəst şəkildə fəaliyyət göstərməsi, dini bayramların yüksək səviyyədə qeyd olunması istiqamətində müxtəlif dini konfessiya nümayəndələrinə dövlət tərəfindən lazımi dəstək verilməsinin Azərbaycanın uğurlu multikulturalizm və tolerantlıq modelinin tərkib hissəsini təşkil etdiyini vurğulayıblar. Eyni zamanda, digər konfessiyaların nümayəndələri kimi xristianlara öz etnik-dini xüsusiyyətlərini və adət-ənənələrini qoruyub yaşatmağa görə yaradılan şəraitdən məmnunluqlarını dilə gətiririblər.

Konfransda, eyni zamanda “Tolerantlıq nümunəsi” adlı qısametrajlı film, “Biz birlikdə güclüyük” və “Vəhdət dəyərimizdir” adlı videoçarxlar nümayiş etdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR