Bakıda "İslamofobiya: Avropa və milli qanunvericilik” mövzusunda panel keçirilib - FOTO

Bakıda "İslamofobiya: Avropa və milli qanunvericilik” mövzusunda panel keçirilib - FOTO
# 15 mart 2023 13:30 (UTC +04:00)

İslamofobiya ilə Beynəlxalq Mübarizə Gününə həsr olunan “İslamofobiya irqçiliyin və ayrı-seçkiliyin spesifik forması kimi: Yeni qlobal və transmilli çağırışlar” mövzusunda beynəlxalq konfransda "İslamofobiya: Avropa və milli qanunvericilik” adlı plenar iclas keçirilib.

APA xəbər verir ki, çıxışçılar islamofobiya ilə mübarizə, həmçinin Avropa ölkələrində sözügedən halların müəyyən qanunvericilik müstəvisinə gətirilməsi ətrafında müzakirə aparıblar.

İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumunun prezidenti Taha Ayhan islamofobiya və irqçilik məsələlərinin Avropanın bəzi ölkələrində geniş yayıldığını xüsusilə vurğulayıb: "İslam Əmək Təşkilatı Gənclər Forumu "Quran"ın yandırılması məsələsinə dərhal reaksiya vermişdi. Ümumiyyətlə, şahidi olduq ki, "Quran"ın yandırılması çox pis qarşılanmış, müəyyən toqquşmalara yol açmışdı. O baxımdan, bu, həm də dünyadakı siyasi mühitə zərbə deməkdir".

Taha Camal Ermənistanın təcavüz siyasətinə də toxunub.

"Azərbaycana qarşı Ermənistan tərəfindən 30 il təcavüz və dağıdıcılıq həyata keçirilib. Bu da bir faktdır. İƏT bu yaxınlarda dini ayrı-seçkiliyə qarşı qlobal tədbirlərin həyata keçirilməsi istiqamətində çağırış edib. İslamofobiya ilə mübarizə aparmaq üçün ölkələrdə müvafiq qanunlar qəbul edilməlidir. Bu, müsəlmanlara qarşı nifrət nitqinin azaldılması, aradan qaldırılması üçün mütləqdir. Dünya başa düşməlidir ki, İslam bütün zamanlar və xalqlar üçün olan bir dindir. İslamofobiya bütövlükdə təkcə müsəlmanlara qarşı deyil, bütövlükdə insanlara və insanlığa qarşı cinayətdir".

İƏT-in Avropa İttifaqındakı daimi nümayəndəsi, səfir İsmət Cahan çıxışında bildirib ki, Avropada islamofobiya artır, buna qarşı mübarizə aparılmalı, müvafiq tədbirlər görülməlidir.

Onun sözlərinə görə, islamofobiya müsəlmanlara nifrət nitqi, şiddət formasında özünü göstərir: "Müsəlmanlar dünyanın müxtəlif nöqtələrində yaşayır ona görə də bu, təkcə Avropada qeydə alınmır. İslamofobiyaya qarşı mübarizə hökumətlər tərəfindən ən yüksək səviyyədə aparılmalıdır. Biz Myanmarda olanları xatırlamalıyıq. İslamofobiyanın gender aspekti də təəssüf ki, Avropada güclənib. Belə bir fikir var ki, qadınlar azad deyil və onlar azad edilməlidir. Təəssüf ki, bu yalnız cəmiyyət arasında deyil, hətta bəzi ölkələrin qanunvericiliyində yer alıb. Avropadakı müsəlmanlar işğalçı deyil, onlar zorakılıq təşviq etmir, bunu Avropada anlamalıdırlar".

O, islamofobiyaya qarşı həmrəyliyin vacib olduğunu, maarifləndirmənin önəmini vurğulayıb.

"Avropada düşünürlər ki, bütün müsəlmanlar terrorçudur, arzuolunmaz miqrantlardır. Ancaq, tam əksinə, bu insanlar ləyaqətli şəxslərdir, öz yaşadıqları ölkələrə töhfə verirlər. Biz cəmiyyətin bütün təbəqələrinə nüfuz etməli, təhsil sahəsində, media, QHT-lərlə işləməliyik".

Səfir vurğulayıb ki, Aİ islamofobiya və nifrət nitqinə qarşı bir çox vacib təşəbbüslər göstərib, resurslar ayırıb: "İslamofobiyaya qarşı sistemli, planlı şəkildə işləməliyik. Müxtəlif ölkələrdə yaşayan müsəlmanları qorumaq istəyiriksə, biz müsəlman ölkələri olaraq vətəndaşlarımız olan qeyri-müsəlman əhalimizi, etnik azlıqları qorumalıyıq, İslam bunu təşviq edir".

Avropa-Türk-İslam İttifaqının Prezidenti, Asiya Strateji Araşdırmalar Mərkəzinin baş direktoru Musa Sərdar Çələbi Avropada türk və müsəlman anlayışlarının eyniləşdirildiyini diqqətə çatdırıb: "Avropanın İslamla ilk tanışlığı müsəlmanların İspaniyanı fəthi ilə başladı. Oradakı əhalinin müsəlmanlaşdırılması prosesi İslamın daha ədalətli bir forum olmasına söykəmirdi. Bu prosesin sonunun necə nəticələndiyini hər kəs, yəqin ki, bilir".

Türk Alman Universiteti, Beynəlxalq Əlaqələri və Siyasi Elm Departamentinin rəhbəri Enes Bayraklı müsəlmanların bu cür sıxışdırılması mövzusunun ciddi araşdırma tələb etdiyini qeyd edib.

“Avropadakı müsəlmanların müəyyən hüquqlardan məhrum edilməsi məsələsi ciddi araşdırılmalıdır. Bizim, bəlkə də, islamofobiya ilə bağlı gördüklərimiz aysberqin üzdəki tərəfidir. Ayrıca olaraq, İslam düşmənçiliyini ifşa edəcək bir QHT-yə ehtiyac var. Həmçinin bütövlükdə Avropada və digər yerlərdə islamofobiyaya məruz qalan və qalacaq adamlar maarifləndirilməlidir. Onlara bu prosesin necə və niyə həyata keçirildiyi aşılanmalıdır. Digər tərəfdən, İslam düşmənçiliyi halları məhkəmələrə çıxarılmalı, hüquqi qiymət verilməlidir", - o, əlavə edib.

AMEA-nın Şərqşünaslıq İnstitutunun təmsilçisi Leyla Məlikova "Müasir Avropada islamofobiya (Fransa): Bunun kökləri, mexanizmi və aktorlar" mövzusunda prezentasiya edib. O bildirib ki, Fransada islamofobiya alət kimi istifadə olunur: “İslamofobiya və anti-müsəlman tendensiyası son illərdə özünü kəskin göstərir. Cinayət halları müsəlmanlarla əlaqələndirilir. Fransa cəmiyyətində müsəlmanlar barbar kimi təsvir edilir”.

Onun sözlərinə görə, araşdırmalara əsasən islamofobiyanın Fransada orta əsrlərdə meydana çıxdığı aydın olur: "Fransız kolonistləri İslamı müasirliyə qarşı maneə kimi xarakterizə edirdilər. İndi isə islamofobiya yalnız Fransada deyil, digər ölkələrdə də mövcuddur. Fransa Əlcəzairin koloniyaya çevrilməsi zamanı orada əhalinin üçdə biri qətl edildi. Bəzi tədqiqatçılar bu prosesi Fransanın qələbəsi kimi təsvir edirdi".

O əlavə edib ki, Jak Şirakın Prezidentliyi dövründə bəzi faktlar üzə çıxıb: "Fransanın qaranlıq keçmişi yalnız Əlcəzairlə deyil, həm də Nigeriya ilə də bağlıdır. Hətta fransız ekspertlər deyir ki, Fransa qaranlıq kolonial keçmişi ilə bağlı hələ də üzləşməyib".

Tədqiqatçı Fransa Prezidenti Emmanuel Makronun Fransanın Əlcəzairdə ötən əsrdə törətdiklərinə görə 2017-ci ildə üzr istəməsini xatırladıb.

"MaatSchappelijke Veerkracht” (Sosial Dayanıqlıq) İnstitutunun əməkdaşı İbrahim Yerden müsəlmanlara qarşı Qərb ölkələrində baş verən haqsız situasiyalara toxunub.

"Qərbdə müsəlmanlara qarşı aparılan siyasətin bir neçə həssas məqamı var. Bunlardan biri etnosentrizmdir. Bu, o deməkdir ki, qərbli özünü mərkəzdə qoyur və digərlərini, bir növ, özündən aşağı tutur. İkincisi damğalanmadır. Müsəlmanlar qərbdə neqativ yüklü formada damğalanıblar. Digər məsələ, müsəlmanlar hər biri orada - Qərb ölkələrində eyni qəbul edilir. Və nəhayət, onlara qarşı ümumi bir baxış sərgilənir", - o əlavə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR