Beynəlxalq araşdırmaçı: İslamofobiya rasizmin bir növüdür

Beynəlxalq araşdırmaçı: İslamofobiya rasizmin bir növüdür
# 15 mart 2023 16:19 (UTC +04:00)

Bakıda islamofobiya ilə bağlı beynəlxalq konfrans çərçivəsində "Qərb mədəniyyətlərində müsəlmanlarla bağlı konspiroloji nəzəriyyələr: Böyük Yerdəyişmə Nəzəriyyəsi" mövzusunda panel müzakirəsi keçirilib.

APA xəbər verir ki, paneldə iştirak edən ABŞ-dan olan iştirakçı, Əməkdaşlıq və Sivilizasiyalar Fondunun təsisçisi və prezidenti Məhəmməd Bəşər Arafat yeni qlobal və transmilli çətinliklər barədə danışıb.

O bildirib ki, bu, ABŞ və Çin arasında gərginlikdən, Türkiyə, Hindistan, İran, Cənubi Amerika ölkələri kimi regional güclərin maraqlarının toqquşmasından qaynaqlanır.

O qeyd edib ki, gənclərin, xüsusilə də qeyri-müsəlman ölkələrindən olan gənclərin proqramlar çərçivəsində bir araya gətirilməsi, onların maarifləndirilməsi vacibdir.

Notr-Dam Universitetinin təmsilçisi, professor İbrahim Musa deyib ki, islamofobiyanın tarixinə baxmaq, ona tarixi kontekstdən yanaşmaq lazımdır.

Professorun sözlərinə görə, anti-islamofob aktivistlər konspirologiya teorilərindən uzaq olmalı, mövzu ilə bağlı müvafiq bilgiyə və faktlara malik olmalıdırlar. O, təqdimatında Avropa siyasi təsəvvüründə islamın yeri barədə danışıb. Kantın, Hegelin nəzəriyyələrində İslamla bağlı yanaşmalar barədə məlumat verib.

Alim bildirib ki, teoloji və mədəni fərqlər müsəlmanların mövcudluqla bağlı iddialarını legitimsizləşdirmək üçün alət kimi istifadə olunur.

Corctaun Universitetində Müsəlman-Xristian Anlayışı Mərkəzinin tədqiqatçısı Arsalan İftixar çıxışında vurğulayıb ki, Qərbdə İslamla, müsəlmanlarla bağlı konspiroloji nəzəriyyələrdən aparıcısı da "böyük yerdəyişmə"dir:

“Qərbdə belə bir fikir var ki, guya müsəlmanlar Qərbə köç edir, onların malik olduqlarını ələ keçirir, dəyərlərini dəyişdirirlər, onlarım yerini tutmağa çalışırlar”.

Arsalan İftixar 2019-cu ildə Yeni Zelandiyanda məsciddə törədilən terror hücumunda məhz "böyük yerdəyişmə" konspiroloji nəzəriyyəsinin əsas motiv olduğunu vurğulayıb.

İslamofobiyanın Monitorinqi Layihəsində müstəqil araşdırmaçı İneke van der Valk panel müzakirəsində çıxış edərək deyib ki, islamofobiya rasizmin bir növüdür. O deyib ki, rasizm üç mərhələdə qeydə alınır ki, bunlar da institusional rasizm, siyasi rasizm və fərdlər arasında rasizmdir. O əlavə edib ki, illər ərzində İslama qarşı kampaniyalar aparılıb. İneke van der Valk bildirib ki, islamla bağlı mübahisəli yanaşma bu gün Avropada yalnız ifrat-sağ qrupların gündəliyində deyil, həm də digər siyasətçilərin gündəliyində rast gəlinir.

Paneldə Türkiyənin Yaxın Şərq Araşdırmaları Mərkəzinin (ORSAM) direktoru Ahmet Uysal da çıxış edib. O deyib ki, İslama qarşı kampaniyalar müxtəlif ölkələr tərəfindən fərqli məqsədlər üçün aparılır. Ahmet Uysal əlavə edib ki, bu gün bəzi İslam ölkələrində də islamofobiya var, “onlar siyasi İslama qarşı mübarizə üçün bunu edir, başqa güclər üçün ölkə daxili də lobbiçilik edirlər". O, çıxışında Ermənistan-Azərbaycan münaqişəsində məsələni xristian-müsəlman toqquşması kontekstində təqdim etməklə bağlı cəhdləri xatırladaraq bunun qlobal ictimaiyyəti yanıltmağa yönəldiyini vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR