Bülənt Aras: İslamofobiya ilə mübarizə üçün beynəlxalq mexanizm yaradılmalıdır

Bülənt Aras: İslamofobiya ilə mübarizə üçün beynəlxalq mexanizm yaradılmalıdır
# 16 mart 2023 16:29 (UTC +04:00)

İslamofobiya ilə bağlı beynəlxalq konfrans çərçivəsində "İslamofobiya ilə mübarizədə birgə əməkdaşlıq və beynəlxalq təşkilatların rolu” paneli keçirilib.

APA xəbər verir ki, “İslamofobiya ilə mübarizədə birgə əməkdaşlıq və beynəlxalq təşkilatların rolu” panelində Hacı Ali Açıkgül "İslamofobiya: İnsan Hüquqlarının Pozulması və İrqçiliyin Müasir Təzahürü" mövzusunda çıxış edib.

O bildirib ki, Qərbdə sağçı qruplar və onların "onlara qarşı biz" narrativi güclənib.

Hacı Ali Açıkgül deyib ki, son illər İslama və müsəlmanlara qarşı nifrət artıb, onlar gündəlik həyatlarında diskriminasiya, dözümsüzlüklə üzləşirlər: "Cəmiyyətdə harmoniyanı qorumaq üçün ifadə azadlığı və nifrət nitqini fərqləndirmək, buna sərhəd tətbiq etmək lazımdır. Diskriminasiya və dinə dözümsüzlüklə mübarizə üçün nə qədər çətin olsa da qlobal ictimaiyyət birgə işləməlidir".

O çıxışında medianın da islamofobiya ilə mübarizədə rolunun vacibliyini vurğulayıb: "İslamla bağlı stereotipləri aradan qaldırmaq üçün media strategiya yaradılmalıdır, siyasi dialoq fəallaşmalıdır".

G20 Dinlərarası Dialoq Forumunun prezidenti, Kol Durham "İslamofobiya və onun həmkarlarını azaltmaq üçün beynəlxalq sahədə tərəfdaşlıq" mövzusunda çıxışında deyib ki, islamofobiyaya, anti-semitizmə və rasizmin digər formalarına qarşı mübarizə aparmaq üçün üç əsas prinsip - dialoq, könüllülük (fövqəladə vəziyyətlərdə), müxtəlif dinlərdən olan şəxslərin bir araya gəlməsi və əməkdaşlığı vacibdir.

G20-nin Dinlərarası Dialoq Forumunun prezidenti çıxışında vurğulayıb ki, bu problemlə digər mübarizə üsulu, həm də gənclərlə işləməkdən keçir: "Onlar fikirlərə daha açıq, enerjili, öyrənməyə və paylaşmağa maraqlıdır. Dini savadlılıq da digər vacib məqamdır".

Onun sözlərinə görə, bunun məktəb kurikulumlarına daxil edilməsi nəzərdən keçirilə bilər: "Biz həmçinin valideynlərlə işləməliyik, çünki bu həm də nəsillərarası məsələdir".
Kol Durham əlavə edib ki, müxtəlif səviyyələrdə dini liderlərlə, aktorlarla işləmək, onları prosesə cəlb etmək lazımdır.

Paneldə Qətər Beynəlxalq Siyasi Araşdırmalar Mərkəzinin tədqiqat direktoru Bülənt Aras “Müstəmləkədən sonrakı dövr, irqçilik və islamofobiya” mövzusunda çıxış edib. O bildirib ki, islamofobiya ilə mübarizəni, İslam və müsəlmanlarla bağlı yanlış fikirlərlə mübarizəni məktəblərdə, universitetlərdə aparmaq lazımdır. Panel iştirakçıları qeyd ediblər ki, beynəlxalq təşkilatlar islamofobiya ilə bağlı ayrı-ayrılıqda bəyanatlar və ya qətnamələr qəbul etsələr də, bu, kifayət deyil və islamofobiya ilə mübarizə üçün beynəlxalq mexanizm yaradılmalıdır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR