Ceyhun Məmmədov: “Dövlət Departamentinin hesabatında Ermənistanda tarixi-mədəni abidələrimizin dağıdılması əksini tapmayıb”

Ceyhun Məmmədov,  Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin üzvü

© APA | Ceyhun Məmmədov, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin üzvü

# 04 iyun 2022 14:00 (UTC +04:00)

“ABŞ Dövlət Departamentinin dini azadlıqlarla bağlı hesabatı bizim növbəti dəfə ikili standartlarla üz-üzə olduğumuzu göstərir”.

Bunu APA-ya açıqlamasında Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin üzvü Ceyhun Məmmədov bildirib.

Ceyhun Məmmədov deyib ki, növbəti dəfə ermənilərin yalan məlumatı əsasında ABŞ Dövlət Departamentinin hesabatının hazırlandığını müşayiət edirik: “Təəssüflə qeyd etmək lazımdır ki, ermənilər nəinki Qarabağda, hətta Ermənistanda, İrəvanda da azərbaycanlılarla məxsus yüzlərlə tarixi-mədəni abidəni dağıdıblar. Ermənilərin bu vandallıqları ilə bağlı UNESCO da susur, beynəlxalq təşkilatlar da mövqelərini bildirmir, reaksiya vermirlər. Amma təəssüf ki, bəzən Azərbaycana qarşı hansısa əsassız ittihamları irəli sürürlər. Dövlət Departamentinin hesabatında da Ermənistanda azərbaycanlılarla məxsus tarixi-mədəni abidələrin dağıdılması əksini tapmayıb”.

Parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin üzvü qeyd edib ki, ABŞ Dövlət Departamentinin dini azadlıqlarla bağlı hesabatında Azərbaycanla bağlı məqamlar növbəti ədalətsiz yanaşmanın təzahürüdür: “Eyni zamanda hesab edirəm ki, Azərbaycanın Mədəniyyət Nazirliyi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, ölkəmizin xaricdəki diplomatik nümayəndəlikləri, diaspor təşkilatları bu istiqamətdə daha çox çalışmalı, səy göstərməlidirlər ki, növbəti mərhələlərdə bu hesabatlarda məlumatlar yanlış deyil, düzgün formada öz əksini tapsın. İkili, ədalətsiz yanaşmaların fonunda biz erməni vandallığını, vəhşiliyini daha çox nümayiş etdirməli, Azərbaycan həqiqətlərini dünyaya çatdırmalıyıq. Bu istiqamətdə davamlı addımlar atmalı, tədbirlər keçirməliyik ki, belə halların qarşısını alaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR