Dövlət Komitəsi: Biz minbəri başqa ölkələrdə dini təhsil alanlara etibar edə bilmərik

Dövlət Komitəsi: Biz minbəri başqa ölkələrdə dini təhsil alanlara etibar edə bilmərik
# 22 noyabr 2022 11:43 (UTC +04:00)

“Biz minbəri başqa ölkələrdə dini təhsil alanlara etibar edə bilmirik”.

APA xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı deyib.

Sədr müavini məscidlərimizdə din xadimlərinə çox ehtiyac olduğunu deyib:

"Azərbaycan məscidlərində Azərbaycanda fəaliyyət göstərən dini, elmi mərkəzləri bitirənlər və ümumiyyətlə dini təhsili olan, amma diplomu olmayanlar da fəaliyyət göstərə bilər. Amma bir şərtlə ki, onlar imtahan verməlidirlər. Azərbaycan məscidlərində İlahiyyat İnstitutunu, Bakı Dövlət Universitetinin İlahiyyat fakültəsini bitirən, mədrəsələrin nümayəndələri din xadimi vəzifəsini tutmalıdır. Biz minbəri başqa ölkələrdə dini təhsil alan insanlara etibar edə bilmərik. Çünki onlar kimlərdən dərs alıblarsa, elə məhz onları da təqlid edirlər. Azərbaycançılıq ideyaları, milli-mənəvi dəyərləri lazımınca ifadə edə bilmirlər. Mütləq şəkildə onlarda yad təsir hiss olunur. Bu da istər-istəməz onların ideoloji səhvlərinə və təxribatlarına gətirib çıxarır. Təbii ki, biz də dövlət olaraq buna imkan verə bilmərik".

Səyyad Salahlı bu günə qədər imtahan verən din xadimlərinin sayını açıqlayıb:

"Bu günə qədər ümumilikdə 50-ə yaxın din xadimi imtahan verib. 7 nəfərdən ibarət nümayəndə heyəti imtahan götürür və hər bir din xadimi savadına uyğun şəkildə fərdi formada qiymətləndirilir. İmtahanlarımız şəffaf keçirilir. Qiymətlər toplanır və müəyyən balı yığan ruhanilər sertifikat alıb təyinatı üzrə göndərilirlər”, o deyib.

Səyyad Salahlı onu da qeyd edib ki, hazırda xeyli sayda imam vəzifəsi boşdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR