Dövlət Komitəsi: İran siyasiləşmiş şiəliklə bağlı fərqli taktika seçib

Dövlət Komitəsi: İran siyasiləşmiş şiəliklə bağlı fərqli taktika seçib
# 15 dekabr 2022 13:20 (UTC +04:00)

"Son illərdə İran siyasiləşmiş şiəliklə bağlı fərqli taktika seçib. Gördülər ki, xaricdə dini təhsil alıb gəlmiş şəxslərlə bu təbliğatı aparmaq mümkün deyil. Çünki Azərbaycan cəmiyyətində onları çox rahatlıqla ifşa etmək olur. Ona görə də taktika dəyişildi".

APA xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov “Vicdan azadlığı və media” mövzusunda keçirilən konfransda deyib.

O bildirib ki, dünənə qədər həm təbliğat aparılıb, həm də siyasi hakimiyyət hədəfə alınırdısa, bu gün hədəf siyasi hakimiyyət deyil, cəmiyyətdir:

"Məqsəd cəmiyyəti məzhəb, siyasi şiəlik zəminində dindarlaşdırmaqdır. Azərbaycanlıların İrana xas din xadimlərini qəbul etmədiyini nəzərə alaraq, xalqımızın dünyagörüşünə, həyat tərzinə uyğun olan, radikallıq nümayiş etdirməyən, hakimiyyətə loyallıq göstərən, siyasi iddialar səsləndirməyən, vətənpərvər, İranda dini təhsil almamış "dini liderlər" formalaşdıraraq, onların sayəsində diqqət cəlb etmədən cəmiyyəti məzhəb zəminində dindarlaşdırmağa çalışırlar. Biz buna öz aramızda lal dindarlıq və ya sinsi dindarlıq deyirik. Növbəti mərhələdə tora salınanlar təşkilatlandırılır və dini-siyasi qüvvəyə çevrilir".

Sədr müavini həmin kontingentin necə müəyyənləşdirilə biləcəyini də diqqətə çatdırıb.

"İlk növbədə onların fəaliyyəti nəticəsində formalaşmış dindar kontingent istisnasız olaraq İranın Ali Rəhbərini təqlid edir. İkincisi, həmin qrupun tariximizə, milli adət-ənənələrimizə, cəmiyyətdəki ictimai proseslərə mövqeyi məzhəb zəminində olur. Üçüncüsü, vətənpərvərlik pərdəsinə bürünərək şəhidlik anlayışına məzhəb prizmasından yanaşırlar. Şəhidlərin məzhəbə aidiyyəti qabardılır, həmin "din xadimləri" yalnız şiə məzhəbinə aid şəhidlərin dəfn mərasimlərində iştirak edirlər. Hazırda da həmin şəhidlərin ailələri ziyarət olunur. Həmin şəhidlərlə bağlı mərasimlər məzhəb elementləri qatılaraq keçirilir. Sosial şəbəkələrdə yalnız şiə məzhəbli şəhidlərin təbliğatı aparılır", - deyə Gündüz İsmayılov bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR