Əkmələddin İhsanoğlu: İslamofobiya qlobal sülhə qarşı ciddi təhdiddir

Əkmələddin İhsanoğlu

© APA | Əkmələddin İhsanoğlu

# 15 mart 2023 09:56 (UTC +04:00)

İslamofobiya qlobal sülhə qarşı ciddi təhdiddir.

APA xəbər verir ki, bunu “İslamofobiya irqçiliyin və ayrı-seçkiliyin spesifik forması kimi: Yeni qlobal və transmilli çağırışlar” mövzusunda beynəlxalq konfransda İslam Əməkdaşlıq Təşkilatının sabiq Baş katibi, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Dostları Qrupunun üzvü Əkmələddin İhsanoğlu çıxışında bildirib.

İƏT-in sabiq Baş katibi deyib ki, o, bu posta gələndə ciddi problemlərdən biri İslama qarşı Qərbdə mənfi yanaşma olub.

Əkmələddin İhsanoğlu vurğulayıb ki, indiki vəziyyəti ötən illərlə müqayisə etdikdə islamofobiya ilə bağlı üç istiqamətdə mənfi trend nəzərə çarpır: “İslamla bağlı manipulyasiya, bunu ifadə və fikir azadlığı kimi təqdim etmək, islamofobiyanın siyasiləşdirilməsi, leqal çərçivənin yaradılması, bunun institutlaşdırılması və islamofobiyanın konsitusionallaşdırılması. Biz islamofobiyaya qarşı mübarizədə, qarşıdurmadan əməkdaşlığa doğru irəliləməkdə qərarlıyıq”.

İƏT-in keçmiş Baş katibi İslam peyğəmbərinin illər əvvəl karikaturasının dərc olunmasını xatırladaraq bunun dünyanın müxtəlif nöqtələrində ciddi etirazlara səbəb olduğunu vurğulayıb.

O deyib ki, Avropa İnsan Haqları Məhkəməsi bu karikatura ilə bağlı qərar çıxardıb.

Əkmələddin İhsanoğlu islamofobiya ilə mübarizə istiqamətində BMT-nin fəaliyyətinə toxunub. O, həmçinin İƏT-in bu istiqamətdə fəal fəaliyyətinə toxunub.

İƏT-in keçmiş Baş katibi vurğulayıb ki, islamofobiya ilə bağlı müəyyən addımlar atılmalıdır, açıq mövqe qoyulmalıdır.

“Biz Qərbi inandırmalıyıq ki, müsəlmanlar Avropanı dəyişdirməyə, dəyərləri dəyişdirməyə çalışmır, biz populistlərin bu iddialarına cavab verməli, bu narahatlığı aradan qaldırmalıyıq. Biz özümü tənqiddən çəkinməməliyik, etiraf edək ki, bizim adımıza bəzən səhvlər edilir. Biz vurğulamalıyıq ki, İslam dini Qərbə yad deyil”, - İhsanoğlu vurğulayıb.

Beynəlxalq konfransda G20-nin Dinlərarası Dialoq Forumunun Prezidenti Kol Durham da çıxış edib.

O, bu konfransın vacibliyini vurğulayaraq G20-nin rasizmə qarşı mübarizəsi barədə məlumat verib. Durham qeyd edib ki, əvvəllər G20 daha çox iqtisadi aspektlərə fokuslanmışdısa, son 10 ildə artıq daha çox məsələlər G20-nin gündəliyindədir: “Biz dini səslərin eşidilməsi və gündəlikdə olması istiqamətində işləyirik. Dini liderləri və aktorları bu məsələdə əməkdaşlığa cəlb etməyə çalışırıq. Hazırda bizim gündəliyimizdə münaqişələr və onların sülh yolu ilə həlli, COVID-19-dan sonra bərpa, uşaqlar, iqlim dəyişikliyi ilə bağlıdır. Biz təhlükəli, qütbləşən dünyada yaşayırıq, bunun aradan qaldırılması vacibdir. Buna təhsil, maarifləndirmə, dostluq və əməkdaşlıqların genişləndirilməsi ilə nail ola, islamofobiyaya qarşı mübarizə apara bilərik”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR