Gəncədə Aşura günü ilə bağlı tədbirlər keçirilib - FOTO

Gəncədə Aşura günü ilə bağlı tədbirlər keçirilib - FOTO
# 08 avqust 2022 18:36 (UTC +04:00)

Gəncədə Məhərrəm ayının 10-cu – “Aşura günü” ilə əlaqədar olaraq mərasim keçirilib, könüllü qanvermə aksiyası təşkil olunub.

Bu barədə APA-ya Gəncə şəhər İcra Hakimiyyətindən məlumat verilib.

Gəncə və ətraf rayonlarda yaşayan sakinlər ötən gündən etibarən "İmamzadə" dini kompleksinə gələrək, imam Məhəmməd Bağırın VIII əsrdə vəfat etmiş oğlu İbrahimin məzarını ziyarət edib, burada keçirilən mərasimlərə qatılıblar. "Aşura Günü" ilə əlaqədar keçirilən mərasimlərdə şəhid ailələrinin üzvləri də iştirak ediblər.

"Aşura Günü" ilə əlaqədar keçirilən mərasimdə iştirak edən dindarlar bir neçə gün əvvəl Azərbaycanın Londondakı səfirliyində baş verən hadisələrə etiraz əlaməti olaraq, üç rəngli Azərbaycan bayraqlarını dalğalandırıb, birlik nümayiş etdiriblər.

"İmamzadə" dini kompleksin ərazisində çadırlar qurulub, ziyarətə gələn vətəndaşlar burada ehsan süfrəsinə qonaq ediliblər.

Bununla yanaşı, Gəncədə könüllü qanvermə aksiyası təşkil olunub. Mərkəzi Qan Bankının Gəncə Bölməsində təşkil olunan aksiyada Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Aparatın məsul işçiləri, o cümlədən idarə, müəssisə və təşkilat rəhbərləri, habelə sakinlər iştirak ediblər.

Aksiya zamanı həkim-hematoloqlar tərəfindən hər bir donorun sağlamlıq imkanları əvvəlcədən müəyyənləşdirilib, hərtərəfli tibbi müayinədən sonra onlardan qan götürülüb. Toplanan qan ehtiyatı yoxlanılaraq talassemiya, hemofiliya, eləcə də leykoz xəstəliyindən əziyyət çəkən şəxslər üçün istifadə olunacaq. Qan vermək istəyən şəxslər növbəti 40 gün ərzində də Mərkəzi Qan Bankının Gəncə Bölməsinə yaxınlaşa bilərlər.

Qeyd edək ki, Mərkəzi Qan Bankının Gəncə bölməsində hazırda 63 hemofiliya, 125 talassemiya xəstəsisi qeydiyyatdadır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR