Gürcüstanın müsəlman din xadimləri Gəncəyə səfər edib - FOTO

Gürcüstanın müsəlman din xadimləri Gəncəyə səfər edib - FOTO
# 23 may 2022 10:17 (UTC +04:00)

Gürcüstanın müsəlman din xadimləri Gəncəyə səfər edib.

APA-nın yerli bürosunun xəbərinə görə, Azərbaycanın Gürcüstandakı səfirliyinin təşəbbüsü və təşkilatçılığı ilə Azərbaycana səfərə gələn Gürcüstan Müsəlmanları İdarəsinin nümayəndələri Gəncədə erməni cinayətinin izləri ilə tanış olublar. Din xadimləri Gəncədə 44 günlük Vətən müharibəsi zamanı Ermənistan ordusunun raket atığı ərazilərə baş çəkiblər.

Nümayəndə heyətinə Gürcüstanda yaşayan müsəlman dini icmalarının 40-a yaxın üzvü daxildir.

Ermənilərin raket zərbələrindən dağılmış əraziləri ziyarət edən Bütün Gürcüstan Müsəlmanları İdarəsinin sədri, şeyx Hacı Ramin İgidov APA-nın yerli bürosuna bildirib ki, Gəncədə gördükləri onları dəhşətə gətirib: “Ermənilərin burada törətdikləri bütün beynəlxalq normalara ziddir. Ümidvarıq ki, bu cinayətləri törədənlər beynəlxalq məhkəmələr qarşısında cavab verəcəklər".

O, artıq neçə gündür Azərbaycanda olduqlarını, Ağdam, Fizuli, Şuşaya səfər etdiklərini xatırladaraq deyib ki, Qarabağda, Gəncədə gördükləri qürurlu, sevincli, olmaqla yanaşı, həm də kədərlidir. Ramin İgidov tarixi yurdlarımızın ermənilər tərəfindən dağıdılmasından, minlərlə insanın şəhid olmasından çox üzüldüklərini bildirib: “Qarabağda erməni vandallarının dini məbədləri və tarixi abidələri dağıtmasının, hətta qəbiristanlıqlara, məzarlara qarşı törətdikləri əməllərin bir adı var – vandalizm. Gəncədə isə tam başqa bir vəhşiliyin şahidi olduq. Döyüş bölgəsindən çox uzaqda dinc əhalini ən dağıdıcı raket və bombalarla zərbələrə məruz qoymaq, uşaq, qoca, cavan vətəndaşları öldürmək, onlara xəsarətlər yetirmək, ev-eşiklərini xarabazara çevirmək insaniyyətə qarşı əsl cinayətdir”.

Qeyd edək ki, Gürcüstan Müsəlmanları idarəsinin təmsilçiləri Azərbaycanın Gürcüstandakı səfirliyinin təşkilatçılığı ilə işğaldan azad olunmuş ərazilərə səfər ediblər. Onlar Ağdam, Füzuli və Şuşada olublar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR