Hacı Şahin Həsənli: “Azərbaycanda unikal dövlət-din münasibətləri modeli formalaşıb”

Hacı Şahin Həsənli

© APA | Hacı Şahin Həsənli

# 20 iyun 2022 18:00 (UTC +04:00)

“Azərbaycanda unikal dövlət-din münasibətləri modeli formalaşıb”.

Bunu APA-ya açıqlamasında “Məşədi Dadaş” məscidinin imam-camaatı, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) nümayəndəsi Hacı Şahin Həsənli bildirib.

Hacı Şahin Həsənli deyib ki, Azərbaycan dinin birləşdirici amil olduğu nadir ölkələrdəndir: “Azərbaycan xalqının təfəkküründə din, inanc Allaha və yaranmışlara sevgini ifadə edir. Azərbaycanda müxtəlif din təmsilçiləri həmişə dinc və yanaşı yaşayıblar. Bu gün Azərbaycanın dövlət siyasəti məhz bu istiqamətdə həyata keçirilir. Bütün dinlərə, xüsusən islam dininə xüsusi münasibət var”.

QMİ nümayəndəsi nəzərə çatdırıb ki, hazırda işğaldan azad edilən bütün torpaqlarda məscidlər inşa edilir: “Şuşada Yuxarı Gövhərağa məscidi təmir edildi, Şuşada, Zəngilanda yeni məscidin təməli qoyulub. İşğaldan azad edilən bütün torpaqlara səfər edərkən həm Prezident İlham Əliyev, həm də Mehriban Əliyeva ilk növbədə məscidləri ziyarət edir, dualar oxuyurlar. Azərbaycanda dinə qarşı belə nümunəvi münasibət formalaşıb. Bu, indiki dövrdə çox zəruridir. Çünki hazırda dindən sui-istifadə edilməklə dünyanın bir çox ölkələrində qarşıdurma yaradılır, dövlətlər dindən siyasi alət kimi istifadə edir. Dövlətləri, cəmiyyətləri parçalamaq üçün dindən sui-istifadə olunur. Belə bir vəziyyətdə Azərbaycanda bu mənzərənin olması, dövlət-din münasibətlərinin bu səviyyədə olması olduqca vacibdir”.

Hacı Şahin Həsənli Azərbaycanda islam həmrəyliyi ilə bağlı silsilə tədbirlər keçirildiyini vurğulayıb: “Azərbaycan bu qəbildən bir sıra beynəlxalq tədbirlərə ev sahibliyi edib. Mən də o tədbirlərdə iştirak etmişəm və xaricdən gələn din xadimlərinin buna heyrətlə yanaşdığının şahidi olmuşam. Onlar bildirirdilər ki, Azərbaycanda dinə qarşı belə nümunəvi münasibətlər sistemi ola biləcəyini düşünməyiblər. Bu, olduqca vacib məqamdır və hazırkı dövrdə də xüsusən böyük əhəmiyyət kəsb edir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR