Komitə sədri Ramazan bayramı ilə bağlı yaranmış qeyri-müəyyənliyə aydınlıq gətirib

Komitə sədri Ramazan bayramı ilə bağlı yaranmış qeyri-müəyyənliyə aydınlıq gətirib
# 10 may 2023 10:50 (UTC +04:00)

Din sahəsində fikir söyləməzdən öncə məsələni diqqətlə araşdırmaq lazımdır. Qurban bayramı, Ramazan bayramı ilə bağlı elə müsəlman ölkəsi var ki, 5 gün, eləsi var 1 həftə tətil verir.

APA xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.

Onun sözlərinə görə, Azərbaycanda ənənəvi olaraq bütün bayramlarda 1, 2 və ya 3 gün tətil verilir:

"Novruz Bayramı daha çox günləri əhatə edir. Azərbaycanda Ramazan və Qurban bayramlarının 2 gün olması o demək deyil ki, onunla əlaqədar məsciddə keçiriləcək tədbir mütləq başqa günləri də əhatə etməlidir. Həmin məntiqlə gərək digər ölkələrdə də 5 -7 gün ard-arda ayinlər keçirilsin. Burada əsas məsələ həmin ölkənin dini təşkilatının çıxartdığı qərardır. Qafqaz Müsəlmanları İdarəsi elan edir ki, ayın 21-i saat 8-də bayram namazı qılınacaq. Bununla da məsələ bitir. Şeyxsülislam həmin gün gedib bayram namazını qıldırır. Əgər bir imam özünün mənsub olduğu təşkilatın, dini qurumun qərarını yerinə yetirmirsə, başqa bir ölkənin fətvasına əməl edirsə, sizcə düzmü edir?! Dini etiqad azadlığı yerindədir. Amma hər bir dini təşkilatın özünün rəhbər orqanı var və o qərar verir ki, hansı bayram, hansı gündə olmalıdır. Fətva bunun üçündür. QMİ-nin şəriət baxımından Azərbaycanda olan məscidlərdəki proseslə əlaqədar Qazılar Şurası fətva verir. Bu fətvaya əməl etmək bütün məscidlərdə çalışan imamların borcudur”.

Komitə sədri deyib ki, Azərbaycanda dini etiqad azadlığı var:

"“Dini etiqad azadlığı haqqında” qanuna görə dini etiqad azadlığı şəriət işlərinə - istər xristianlıq, istər yəhudilik, istərsə də İslama dövlət heç bir müdaxilə etmir. Dövlət gedib məsciddə, yaxud kilsədə hansısa ayinin necə idarə edilməsinə müdaxilə etmir. İstənilən dində onun rəhbər qurumu var. Yoxsa indi Qafqaz Müsəlmanları İdarəsinin çıxartdığı fətvaları hərə öz istədiyi kimi etsə, onda biz dini müxtəliflik yarada bilərik. QMİ-nin fətvasını yerinə yetirməyən imama sual vermək lazımdır ki, bağlı olduğu qurumun, Şeyxülislamın fətvasını yerinə yetirmirsə, bəs kiminkini yerinə yetirir?! Gedin onlara sual verin. Biz dövləti təmsil edirik, biz qarışmırıq. Biz deyirik ki, QMİ-nin çıxartdığı fətvalar bütün məscidlərdə yerinə yetirilməlidir. Görün hansısa başqa ölkədə onun təşkilatının şəriətlə bağlı çıxartdığı qərarı mənsub olduğu ölkədəki məscid pozurmu? Yaxud da başqa dinlərdə bu cür qərarları mənsub olduğu qurum pozurmu? Pozmur, poza da bilməz. Çünki İslam coğrafiyası 57 ölkəni birləşdirir. Ölkələrin dövlət-din münasibətlərində fərqlilik var. Azərbaycanın konstitusiyası dünyəvilikdir. 57 ölkənin 28-də konstitusiyada İslama aidolma qeyd olunub. Dünyanın 100-ə yaxın ölkəsinin qanunvericiliyində dini mənsubiyyət qeyd olunub. Amma bizdə bu yoxdur. Biz İslam dünyasının bir parçasıyıq, dünyəvi dövlətik. Azərbaycan xalqının 96%-i müsəlmandır. Azərbaycanda yaşayan xalqlar müxtəlif məzhəblərin, konfessiyaların nümayəndəsidir. Azərbaycanda 37 qeyri-müsəlman dini icma fəaliyyət göstərir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR