“Müasir çağırışlar kontekstində MDB ölkələrində islamşünaslıq” mövzusunda forum başlayıb

“Müasir çağırışlar kontekstində MDB ölkələrində islamşünaslıq” mövzusunda forum başlayıb
# 20 dekabr 2022 15:02 (UTC +04:00)

Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) və “İdrak” İctimai Birliyinin birgə təşkil etdikləri “Müasir çağırışlar kontekstində MDB ölkələrində islamşünaslıq” mövzusunda beynəlxalq forum öz işinə başlayıb.

Aİİ-dən APA-ya verilən xəbərə görə, rektor, dosent Aqil Şirinov açılış nitqi ilə çıxış edərək vurğulayıb ki, Forumun işində MDB dövlətlərindən və dünyanın bir çox ölkəsindən islamşünaslıq sahəsində tanınmış tədqiqatçılar iştirak edirlər.

Forumun məhz Azərbaycanda keçirilməsinin təsadüfi olmadığını vurğulayan rektor qeyd edib ki, Azərbaycan MDB məkanında İslamı qəbul edən ilk ölkə olub. O, həmçinin qeyd edib ki, müstəqil Azərbaycanda islamşünaslığa dövlət səviyyəsində önəm verilir. A.Şirinov Azərbaycan İlahiyyat İnstitutunun yaradılmasını və bu sahənin ayrıca bir ixtisas kimi tədris olunmasını deyilənlərə nümunə olaraq göstərib.

Aİİ rektoru Forumun əsas məqsədlərindən birinin dünyanın bir çox ölkəsindən olan tədqiqatçıların islamşünaslıq sahəsindəki araşdırmaları ilə tanışlıq olduğunu nəzərə çatdırıb. Həmçinin tədbirin alimlər arasında yeni əməkdaşlıqların qurulması və qarşılıqlı fikir mübadiləsi baxımından sözügedən sahədəki gələcək tədqiqatlara stimul verəcəyini vurğulayıb.

“İdrak” İctimai Birliyinin sədri Rüfət Quliyev “Müasir çağırışlar kontekstində MDB ölkələrində islamşünaslıq” mövzusunda keçirilən beynəlxalq forumun işinə uğurlar arzulayıb. Bildirib ki, birgə təşkil edilən bu forumun qeyd olunan məqsədlərə çatacağına ümidlər böyükdür.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov bildirib ki, dünya miqyasında dini ayrı-seçkiliyin qabardıldığı, dinin siyasiləşdirildiyi və ya siyasi maraqların həyata keçirilməsində alətə çevrildiyi, bilərəkdən dini zəmində qarşıdurmalara rəvac verildiyi müasir dövrdə qlobal sülh və təhlükəsizlik naminə dinlər arasında harmoniya, dialoq və əməkdaşlığa nail olunması, o cümlədən dini dözümlülüyün, tolerantlığın hakim mövqe tutması prioritet məsələyə çevrilib.

Millət vəkili, i.f.d. Ceyhun Məmmədov Azərbaycanda mövcud dövlət-din münasibətlərinə toxunub. Bildirib ki, hazırda ölkəmizdə həyatın bütün sahələrində dərin, rasional və praqmatik islahatlar uğurla həyata keçirilir. Millət vəkili İslam dininin Azərbaycan xalqının milli-mənəvi dəyərlərinin formalaşmasında çox böyük rol oynadığını vurğulayıb.

Rusiya Federasiyası Müsəlmanları Ruhani İdarəsi sədrinin birinci müavini, Moskva İslam İnstitutunun rektoru, professor Damir Muxetdinov İslam dininin yayılma tarixi, mövcud durumu barədə bəhs edərək, hazırda Rusiyada yaşayan müsəlmanların sayı, məskunlaşdıqları ərazi barədə fikirlərini bölüşüb. O, MDB ölkələrində İslam elmlərinin tədqiqi və tədrisi məsələlərinə də toxunub.

Gürcüstan Parlamentinin deputatı Tariel Nakaidze bildirib ki, müsəlmanlar yüksək savada malik, tolerant, mədəni insanlar kimi tanınmalı, öz həyat və fəaliyyətləri ilə İslamın əsl mahiyyətini nümayiş etdirməlidirlər.

Çıxışlardan sonra “Müasir çağırışlar kontekstində MDB ölkələrində islamşünaslıq” mövzusunda beynəlxalq forum panellərlə davam etdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR