Mübariz Qurbanlı: Başqa bir dövlətin din modelini Azərbaycanda tətbiq etməsi cəhdlərinə qarşı olmalıyıq

Mübariz Qurbanlı: Başqa bir dövlətin din modelini Azərbaycanda tətbiq etməsi cəhdlərinə qarşı olmalıyıq
# 30 mart 2023 15:52 (UTC +04:00)

“2009-cu ilə qədər Azərbaycana xaricdən gələn din xadimlərinin fəaliyyətinə maneə olmayıb”.

APA-nın xəbərinə görə, bunu bu gün Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin “Azərbaycanda dövlət-din münasibətləri: real durum və perspektivlər” mövzusunda iclasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bildirib.

Mübariz Qurbanlı deyib ki, milli təhlükəsizlik məsələsi ortaya çıxanda dövlət dini missionerlərlə bağlı müəyyən məhdudiyyətlər qoyulub : “Məqsəd din amilindən si-istifadəyə yol verilməməsi olub”.

Dövlət Komitəsinin sədri qeyd edib ki, 57 müsəlman dövlətinin bəzisinin Konstitusiyasında hətta hansı dini cərəyana mənsubluğu əksini tapıb: “Azərbaycanda dövlət-din modelinin əsas qayəsi dinlər, məzhəblərarası qarşıdurmanın olmamasına yönəlib. İstənilən dinlərin daxilində zaman-zaman təriqətlər, bölücülük meydana gəlib. Bu, tarixi prosesdir. İslamda da vahid fətva mərkəzi yoxdur. Azərbaycanda da fətva mərkəzi Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurasıdır. Biz dini təhsilimizdə olan boşluqları aradan qaldırmaq üçün dəyişikliklər edilib. 2009-cu ildən qanunvericiliyə edilən dəyişikliyə əsasən, dini məbədlərdə çalışanlar yalnız Azərbaycan vətəndaşları olmalıdır. Qanundakı bu dəyişiklik kənardan gəlib zərərli təbliğatın qarşısını almağa yönəlib. Xaricdə təhsil alanlar da yalnız müvafiq icra hakimiyyətinin icazəsi ilə dini məbədlərdə fəaliyyət göstərə bilərlər. Bu istisna ona görədir ki, xaricdəki dini mərkəzlər müəyyən sayda vətəndaşlarımızı dini təhsilə cəlb edə biliblər. Bu, dini kadrlara ehtiyac baxımından qəbul ediləndir. Amma mənfi tərəfi odur ki, həmin şəxslər arasında təhsil aldıqları dövlətlərdəki modeli burada tətbiq etməyə çalışanlar olub. Bunu mətbuatda, dini məbədlərlə təşviq etməyə çalışıb. Yeni bir İslam yoxdur, İslam, Quran dəyişməzdir. Amma dövlət dinlə necə münasibətləri qurur, bu, başqa məsələdir. İrandakı, Misirdəki, Pakistandakı, başqa ölkələrdəki dövlət-din münasibətlərini Azərbaycana gətirmək olarmı? Tarixən formalaşan dövlət-din münasibətləri var, bunu nəzərə almaq lazımdır. Bizi gələcəkdə təhdid edən məsələlərdən biri hansısa dövlət özü ilə bağlı müəyyən məzhəbi yaymaq istəməsi ola bilər. Başqa bir dövlətin din modelini Azərbaycanda tətbiq etməsi cəhdlərinə qarşı olmalıyıq”.

Mübariz Qurbanlı nəzərə çatdırıb ki, multikulturalizm, tolerantlıq Azərbaycanda əsas məsələlər sırasındadır: “Dövlət başçısı da bunu çıxışlarında dəfələrlə vurğulayıb. Azərbaycanın tarixən olan birgə yaşayış modelini gələcəyə daşımalıyıq. Ölkələr var ki, modelləri özlərində özünü doğruldur, amma Azərbaycanda ciddi problemlərə yol aça bilər”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR