Mübariz Qurbanlı: “İslamı bu gün terrora bağlamağa çalışırlar”

Mübariz Qurbanlı: “İslamı bu gün terrora bağlamağa çalışırlar”
# 20 sentyabr 2022 11:54 (UTC +04:00)

"Müasir dünyamızın çağırışları fonunda birgəyaşayış təcrübəsinin öyrənilməsi, bölüşdürülməsi olduqca önəmlidir".

APA xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı "İslam mədəniyyətində birgəyaşayış təcrübəsi" adlı beynəlxalq simpoziumda çıxışı zamanı deyib.

O bildirib ki, bu gün bir sıra qlobal problemlər var. Bunlar arasında nüvə müharibəsi təhlükəsi, demoqrafiya, iqlim dəyişikliyi, terrorizm və s. qeyd etmək olar:

“Bu problemlər həllini tapmasa dünyamız böyük təhlükə ilə üzləşə bilər. Dünyada bu gün 160-a qədər münaqişə var. Bunlar 3 yerə bölünür: Tam sükunətdə olan, hər zaman alovlana bilən və hazırda davam edən münaqişələr. Hazırda dünya əhalisinin sayı 8 milyarda çatıb, halbuki 200 il öncə 1 milyard insan var idi. Əhalinin çoxluğu bir sıra problemləri də özü ilə gətirir. Milyonlarla insan aclıq və susuzluqdan əziyyət çəkirlər. Filosoflar qeyd edir ki, həqiqətə gedən yol təcrübədədir.

Birgəyaşayış təcrübəsi dedikdə təkcə İslam coğrafiyasında olan birgəyaşayışı deyil, digər dinlərarası birgəyaşayışı da nəzərdə tuturuq. Bu gün dünya əhalisinin 25 faizi və planetimizin torpaq sahəsinin 19 faizi islam coğrafiyasının payına düşür. Hazırda 120 ölkədə İslam ümməti var. İslam dini, İslam mədəniyyəti dünyadakı proseslərə böyük təsir edir. Azərbaycan da islam dininin geniş yayıldığı ölkələrdəndir. Ölkəmizdə digər dinlərə münasibəti nəzərə alsaq, birgəyaşayışın bütün dünyaya örnək ola biləcəyini vurğulamaq olar".

Mübariz Qurbanlı qeyd edib ki, İslamı bu gün terrora bağlamağa çalışırlar: “Bu istiqamətdə müəyyən təşəbbüslər var. Lakin ekstremizmlə dini birgə tutmaq olmaz. Dünyada bütün dinlər terrora, münaqişəyə yox, sülhə, qardaşlığa çağırır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR