Patriarx Kirill dini liderlərin üçtərəfli görüşünə dair bəyanat yayıb

II Qaregin, Patriarx Kirill, Allahşükür Paşazadə

© APA | II Qaregin, Patriarx Kirill, Allahşükür Paşazadə

# 13 oktyabr 2021 15:08 (UTC +04:00)

Moskva və Bütün Rusiyanın Patriarxı Kirill özünün, Azərbaycan və Ermənistanın dini liderlərinin üçtərəfli görüşünün yekununa dair birgə bəyanat qəbul edib.

APA-nın Moskva müxbirinin xəbərinə görə, bəyanatı Patriarx Kirill səsləndirib.

O bildirib ki, bu bəyanat Rusiya Patriarxınındır, lakin hazırlanmadan öncə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə və Bütün ermənilərin katalikosu II Qareginlə məsləhətləşmələr aparlıb və onların razılığı alınıb.

“Ermənistan-Azərbaycan münasibətlərinin hazırkı mərhələsindəki çətinliklərə baxmayaraq, hesab edirik ki, məhz Allaha inam, sevgi çoxillik faciəvi qarşıdurmanın yaralarını sağalda bilər. Bu, ruhani müdriklik tələb edən çox çətin yoldur. Azərbaycan və Ermənistan xalqları üçün birlikdə yaşamaqdan başqa gələcək yoxdur. Bu gün insanların bir-birinə inamını bərpa etmək, qonşuya hörmətlə yanaşmaq və qarşılıqlı yardıma hazır olmaq çox vacibdir. İtkin düşənlərin taleyinə aydınlıq gətirilməsinə, hərbi əsirlərin geri qaytarılmasına yardım etməyə çağırırıq. Dini liderlər Azərbaycan və Ermənistan xalqlarını indiki və gələcək nəsillərin rifahı, çiçəklənməsi naminə barışdırmaq üçün kömək etməyə hazırdır. Rus Pravoslav Kilsəsi özünə yaxın iki xalqın barışması üçün dua edir və Cənubi Qafqazda möhkəm və ədalətli sülhün bərqərar olması üçün kömək etməyə hazırdır”, - bəyanatda qeyd olunub.

Xatırladaq ki, Moskvada Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə, Moskva və Bütün Rusiyanın Patriarxı Kirill və Bütün ermənilərin katalikosu II Qaregin arasında üçtərəfli görüş keçirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR