Qubada ənənəvi yəhudi evi bərpa olunacaq - FOTO - VİDEO

Qubada ənənəvi yəhudi evi bərpa olunacaq - FOTO  - VİDEO
# 23 may 2022 12:39 (UTC +04:00)

Qubada dağ yəhudilərinin yığcam yaşadığı Qırmızı qəsəbədə ənənəvi yəhudi evi bərpa olunacaq.

APA-nın şimal bürosu xəbər verir ki, “Qırmızı qəsəbədə yəhudilərin ənənəvi evinin bərpası layihəsi” Heydər Əliyev Fondunun, ABŞ-ın, İsrailin ölkəmizdəki səfirlikləri və Dağ Yəhudilərinin İrsi Mərkəzi ilə birlikdə həyata keçirilir.

Bu gün Qubada layihənin başlanması ilə əlaqədar təşkil olunan mərasimdə ABŞ səfiri Li Litzenberqer, İsrail səfiri Corc Dik, Heydər Əliyev Fondunun departament direktoru, Milli Məclisin deputatı Soltan Məmmədov, Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev iştirak edib.

Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev Qubanın tarixi, son dövrlərdə keçdiyi inkişaf yolu, burada yaşayan azsaylı xalqlar, rayondakı tolerantlıq mühiti haqqında ətraflı məlumat verib. Bildirilib ki, Qırmızı qəsəbədə sinaqoqlar, yəhudi dinini öyrədən dərnəklər, turist informasiya mərkəzi və bir çox digər görməli yerlər var.

Soltan Məmmədov qeyd edib ki, bu gün Azərbaycan bütün regionda sülh, əməkdaşlıq, dostluq, multikulturalizm dəyərləri və birlik siyasətini təbliğ edir: "Qazandığımız və regionda nümayiş etdirdiyimiz bu dostluq siyasəti xalqımızın həmrəyliyi və beynəlxalq əməkdaşlarımızla olan sıx münasibətlərimizin nəticəsidir".

Qeyd olunub ki, Heydər Əliyev Fondu yarandığı gündən Azərbaycanın tarixi, mədəniyyəti və milli dəyərlərinin dünyada təbliği ilə yanaşı, həm ölkəmizdə həm də Azərbaycandan kənarda müxtəlif dinlərin qardaşlığı, xalqların birliyi və dostluğu ilə bağlı çoxsaylı layihələr həyata keçirib: "Müasir Azərbaycanın qurucusu Heydər Əliyevin və bu gün onun yolunun davamçısı Prezident İlham Əliyevin həyata keçirdiyi dövlət siyasətinin əsas istiqamətlərindən biri məhz multikulturalizm və dinlər arasında dostluq, qardaşlıq təşkil edir. Azərbaycan tərəfindən multikulturalizm dəyərlərinin təbliği beynəlxalq ictimaiyyət tərəfindən tanınır və qəbul olunur. Multikulturalizm Azərbaycanın dövlət siyasətinin ayrılmaz hissəsidir.

Heydər Əliyev Fondu Fransanın müxtəlif vilayətlərində ondan çox kilsənin, o cümlədən Strasburq Kafedral kilsəsinin bərpa olunmasında yaxından iştirak edib. Bundan başqa, müsəlman aləmi üçün böyük bir yenilik olan, Azərbaycan Vatikanla əməkdaşlıq çərçivəsində katakombaların bərpasında çox böyük işlər görülüb. Fondun təşəbbüsü ilə ölkəmizdə də bir sıra dini məbədlərin bərpası həyata keçirilib. İsrail səfirliyi ilə əməkdaşlıq çərçivəsində Heydər Əliyev Fondu tərəfindən yəhudi uşaqları üçün tədris mərkəzinin açılması, sinaqoqun təmir olunması, bu yaxınlarda isə İsmayıllının Mücü kəndində yəhudi qəbiristanlığının bərpası kimi layihələr həyata keçirilib”.

Soltan Məmmədov Heydər Əliyev Fondunu iştirakı ilə reallaşan “Qırmızı qəsəbədə yəhudilərin ənənəvi evinin bərpası layihəsi”nin turizm baxımından çox əhəmiyyətli olduğunu və buranın gələcəkdə qonaqpərvərliyin bir nümunəsi kimi təqdim olunacağını qeyd edib: “Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva hər zaman bütün bu layihələrin icrasına xüsusi diqqət yetirir. Xüsusilə Azərbaycanda yaşayan milli azlıqların bərabərhüquqlu həyat tərzi, Azərbaycan ictimaiyyətinin ayrılmaz bir hissəsi, dövlətimizin həyata keçirdiyi dinlərarası siyasətdən bəhrələnməsi üçün böyük dəstək göstərir”.

ABŞ səfiri Li Litzenberqer Azərbaycanda mədəni müxtəlifliyin bariz nümunəsi olacaq və turistlərinin diqqətini çəkəcək layihədə iştirak etməkdən məmnunluğunu ifadə edib.

İsrail səfiri Corc Dik Qubada həyata keçirilən unikal layihəyə dəstək göstərən tərəfdaşlara təşəkkür edib: “Qırmızı qəsəbədə Fətəli xan küçəsindən keçdik. Fətəli xan təxminən 300 il əvvəl bu yaşayış məntəqəsinin əsasını qoyub. Bu qəsəbənin salınması dağ yəhudilərinin təhlükəsizliyinin təmin olunması, onların dini etiqadlarını rahat şəkildə həyata keçirməsi, eyni zamanda, onların tərəqqisi və rifahı, uşaqlarını rahat böyütməsi üçün vacib idi. Sonradan bura Azərbaycanın digər yerlərindən, Rusiyadan yəhudilər toplaşıblar. Buna görə də burada hər icmanın öz sinaqoqu var. Sonradan bura “Qafqazın Yerusəlimi” adı verilib. Keçmişə səyahət etmək imkanım olsaydı, Fətəli xanla görüşüb ona xoş niyyətin bu gün də davam etdiyini çatdırardım”, - səfir bildirib.

Səfir Corc Dik İsrail dövləti və xalqı adından mehriban münasibətə görə Azərbaycana təşəkkür edib: “Qırmızı qəsəbə yəhudilərin və azərbaycanlıların birgə yaşadığı icmadır. Bu gün tarixi gün yaşanır. Burada ənənəvi yəhudi evi bərpa olunacaq. Qırmızı qəsəbədəki icmanın dünyada oxşarı yoxdur. Burada yaşan icma üzvləri istəyirlər ki, qəsəbəyə investisiyalar cəlb olunsun. Buradakı iqtisadi şərait daha da yaxşılaşsın. Bütün bu işlərdə dəstəyini göstərən tərəfdaşlara təşəkkür edirəm”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR