Sahib Alıyev: “UNESCO-dan obyektivlik görməmişik”

Sahib Alıyev, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədr müavini

© APA | Sahib Alıyev, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədr müavini

# 05 iyun 2022 09:35 (UTC +04:00)

“ABŞ Dövlət Departamentinin dini azadlıqlarla bağlı hesabatının əhatəliliyi ilə fərqlənmədiyi ilk dəfə deyil”.

Bunu APA-ya açıqlamasında Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədr müavini Sahib Alıyev bildirib.

Sahib Alıyev deyib ki, əgər söhbət bütün dinlərə eyni cür yanaşmadan, dini ayrı-seçkiliyə yol verməməkdən gedirsə, dini azadlıqlar sahəsindəki vəziyyətlə bağlı hesabat hazırlamağa ABŞ-la müqayisədə Azərbaycanın daha çox mənəvi haqqı var: “Amma reallıq budur ki, dini azadlıqlarla bağlı hesabatı ABŞ Dövlət Departamenti hazırlayır. Dövlət Departamentində hesabatı hazırlayan struktur həm azərbaycanlıların Ermənistandakı dini abidələriylə bağlı vəziyyətin necə olduğunu, həm də Azərbaycanın işğaldan azad edilmiş ərazilərində hayların bizim dini abidələrə qarşı necə vəhşiliklər törətdiklərini çox yaxşı bilirlər. Bu barədə onlarda bütün faktlar var. Amma həmişə olduğu kimi bu məsələdə də dəqiq qiymətləndirmə onların marağında deyil. Çünki çox təəssüf ki, onlar qarşı tərəfi yenə də fərqləndirməyə çalışırlar. Bunun da iki səbəbi var. Birinci səbəbi budur ki, onlar da gələcəkdə bu vəhşilikləri törədənlərdən geosiyasi alət kimi faydalanmaq istəyir. İkinci səbəb odur ki, ümumiyyətlə, Azərbaycanla Ermənistan arasında torpaqlarımızın işğalı ilə başlayan münaqişəyə sivilizasiyalararası münaqişə nöqteyi-nəzərindən yanaşırlar və Ermənistanı öz sivilizasiyalarının bir hissəsi hesab edirlər. Bu baxımdan belə ayrı-seçkiliyə yol verirlər”.

Parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədr müavini UNESCO-nun ermənilər tərəfindən Azərbaycanın tarixi-mədəni, dini abidələrinin dağıdılmasına laqeyd münasibət bəslənməsinə də diqqət çəkib: “Azərbaycan torpaqlarımızın işğal altında olduğu dövrdə UNESCO-ya dəfələrlə müraciət edib ki, bu ərazilərdəki tarixi-mədəni, dini abidələrin vəziyyəti ilə bağlı missiya həyata keçirsin, bununla bağlı hesabat hazırlasın. UNESCO-nun da cavabı bu olub ki, bu, siyasi məsələdir, bunu edə bilmərik. Amma Azərbaycan torpaqlarını azad edən anda UNESCO haray-həşir qopararaq bu ərazilərdə xristian dini abidələrinin gələcəyinin təhlükə altında olduğun vurğuladı və həmin ərazilərə missiya göndərmək niyyətini ifadə etdi. Azərbaycan isə tələb etdi ki, missiya olsun, amma bu missiya azad edilmiş ərazilərimizdə, o cümlədən Ermənistanda Azərbaycan xalqına məxsus tarixi-mədəni, dini abidələrin vəziyyətini də araşdırsın. Amma UNESCO bu missiyanı göndərmədi. Bunun da iki səbəbi var. Birincisi, böyük güclər arasında qeyri-rəsmi bölgüyə əsasən uzun müddətdir ki, UNESCO-nun hansı dövlətin nəzarətində olduğu və hansı dövlətin diktəsi ilə hərəkət etdiyi də heç kəs üçün sirr deyil. İndi UNESCO-nun Baş direktoru olan Odri Azule də məhz Fransanın keçmiş mədəniyyət naziridir. Birinci, elə bu səbəbdən UNESCO-nun fəaliyyətində obyektivlik görməmişik, görmürük və görməyəcəyik də. İkincisi, Odri Azulenin kimliyi də çox şeydən xəbər verir. Bu yaxınlarda KİV-lərdə Odri Azulenin UNESCO-nun vəsaitlərini özünün və ailəsinin təminatı üçün xərclədiyi haqda xeyli yazılar işıq üzü görmüş, onunla bağlı çoxlu sayda ittihamlar irəli sürülmüşdü. Bəs Azərbaycan nə etməlidir ki, bu məsələlərlə bağlı obyektivlik təmin olunsun? Azərbaycan bu yöndə nə lazımdırsa, edir”.

Sahib Alıyev nəzərə çatdırıb ki, Azərbaycan dəfələrlə diplomatik kanallarla həm hesabatların qərəzli hazırlandığı, həm də UNESCO-nun fəaliyyətsiz, tərəfkeş və obyektivlikdən uzaq olduğunu diqqətə çatdırıb: “Bu, parlament diplomatiyası səviyyəsində də dəfələrlə səsləndirilib. İşğaldan azad olunan ərazilərə xarici ölkə səfirlərinin davamlı səfərləri sıradan səfərlər deyil. Bir çox hallarda bu səfərlərdə erməni barbarlığına, vəhşiliyinə göz yummaq istəyənlərə göstərilir ki, baxın, dəstəklədiyiniz, havadarlıq etdiklərinizin vəhşiliklərini görün. Bunların hamısı ilə bağlı videoçəkilişlər aparılaraq arxivləşdirilir və müxtəlif səviyyəli beynəlxalq tədbirlərdə nümayiş olunur. Bu yöndə siyasət gələcəkdə də davam etdirilməlidir və davam etdiriləcək”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR