"Müasir dünyanın problemləri: nifrətə çağırış, terror, ekstremizm, İslamafobiya və Ermənistanın Azərbaycana qarşı təcavüzü" mövzusunda beynəlxalq konfrans keçirilir

"Müasir dünyanın problemləri: nifrətə çağırış, terror, ekstremizm, İslamafobiya və Ermənistanın Azərbaycana qarşı təcavüzü" mövzusunda beynəlxalq konfrans keçirilir
# 10 noyabr 2020 13:37 (UTC +04:00)

Qafqaz Müsəlmanları İdarəsinin təşkilatçılığı ilə "Müasir dünyanın problemləri: nifrətə çağırış, terror, ekstremizm, İslamafobiya və Ermənistanın Azərbaycana qarşı təcavüzü" mövzusunda beynəlxalq konfrans keçirilir.

APA-nın məlumatına görə, konfransda İslam Əməkdaşlıq Təşkilatının Baş katibi Yusif bin Əhməd Əl-Useymin xüsusi nümayəndəsi, İslam aləminin, o cümlədən Yaxın Şərq, Afrika, Avropa və Asiyanın nüfuzlu siyasi-ictimai xadimləri və din rəhbərləri iştirak edir.

Tədbirdə çıxış edən QMİ Sədri Şeyxülislam A.Paşazadə konfrans iştirakçılarına Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin salamlarını çatdırıb. QMİ sədri Prezident İlham Əliyevi, Birinci vitse-prezident Mehriban xanım Əliyevanı və Azərbaycan xalqını Qələbə münasibətilə təbrik edib.

QMİ sədri Azərbaycanın dünya birliyi tərəfindən tanınan ərazi bütövlüyünü bərpa etmək, öz əzəli torpaqlarını erməni işğalından azad etmək uğrunda haqq mübarizəsinə verdikləri siyasi-mənəvi dəstəyə görə İslam Əməkdaşlıq Təşkilatına, Türkiyə, İran, Pakistan və Əfqanıstanın dövlət rəhbərləri və xalqlarına, İslam aləminin tanınmış şəxsiyyətlərinə, nüfuzlu dini liderlərinə və ictimaiyyət xadimlərinə dəstək bəyanatlarına və həmrəylik məktublarına görə dərin minnətdarlıq ifadə edib.

QMİ sədri Ermənistanın öz işğalçılıq siyasətini və insanlığa qarşı hərbi cinayətlərini davam etdirərək Gəncə, Bərdə, Tərtər və Azərbaycanın digər şəhər və yaşayış məntəqələrində dinc əhaliyə qarşı terrorunu, işğal olunmuş ərazilərimizdə erməni ekstremistləri tərəfindən yüzlərlə məscid, məbəd və kilsələrin, minlərlə məzarlıqların dağıdılması, ümumislam əhəmiyyətli irs nümunələrinin mənşəyinin saxtalaşdırılması və dini məbədlərin qriqoryanlaşdırılması, hətta, əsarətdə qalan məscidlərimizin tövləyə çevrilərək, İslamda haram buyurulan heyvanların saxlanılması kimi vandal həqarət əməlləri barədə Konfrans iştirakçılarına məlumat verib. A.Paşazadə erməni kilsəsinin bu işğalçılıq və vandalizm əməllərinə dəstək verərək Azərbaycanın işğal olunmuş ərazilərində ölənədək vuruşmağa çağırışlarını sülhə deyil, ölümə, işğala, təcavüzə xeyir-dua verməsini dini mərkəzə yaraşmayan və xristianlığın hökmlərinə zidd olan nifrətə çağırış nümunəsi kimi qiymətləndirib. Şeyxülislam bütün İslam ölkələrinə müraciət edərək Ermənistana Azərbaycana qarşı işğalçılıq siyasətinə dəstək ola biləcək hər hansı siyasi, mənəvi, iqtisadi, hərbi yardımlar göstərməməyə, o cümlədən, öz ərazilərindən həmin məqsədlə təyinatlı daşınmalara və muzdluların hərəkətinə yol verməməyə çağırıb. Azərbaycanda Qələbənin və Dövlət Bayrağı Gününün qeyd olunduğunu bildirən QMİ sədri bu günlər işğaldan azad edilmiş torpaqlarımızda, Qarabağın qədim şəhəri Şuşada Azərbaycanın üçrəngli dövlət bayrağının dalğalanmasını və Azan səsinin ucalmasını böyük nemət kimi dəyərləndirib, Azərbaycan xalqını təbrik edib.

QMİ sədri bildirib ki, bu, böyük tarixi qələbədir: "Vətən oğullarının qanı və canı bahasına qazanılan bu qələbəni yaşamağı Azərbaycan xalqı haqq edir. Vətən uğrunda canlarını fəda etmiş şəhidlərə Alladan rəhmət diləyirəm. Şəhidlərimizin qanı yerdə qalmadı, ruhları şad olsun".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR