QMİ sədri ABŞ Etnik Anlaşma Fondunun prezidenti ilə görüşüb

QMİ sədri ABŞ Etnik Anlaşma Fondunun prezidenti ilə görüşüb
# 03 fevral 2021 16:04 (UTC +04:00)

Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə Azərbaycanda səfərdə olan ABŞ Etnik Anlaşma Fondunun prezidenti Mark Şnayeri qəbul edib.

QMİ-nin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, A. Paşazadə ölkəmizdəki tolerant mühitdən söhbət açaraq, Azərbaycanda əsrlərdən bəri multikultural dəyərlərin son dərəcə önəmli yer tutduğunu, burada müxtəlif xalqların və mədəniyyətlərin nümayəndələrinin heç bir ayrı-seçkiliyə məruz qalmadan yaşadıqlarını diqqətə çatdırıb.

Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etmək uğrunda Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə apardığı 44 günlük Vətən müharibəsində bir yumruq kimi birləşən Azərbaycan vətəndaşları sırasında yəhudi xalqının nümayəndələri də olduğunu bildirən QMİ sədri şəhidlərimiz arasında da yəhudilərin olduğunu fəxrlə vurğulayıb. O bildirib ki, Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunov yolunun davamçıları, yəhudi milliyyətindən olan şəhidlərimizin xatirəsi bizim üçün əzizdir:

“Azərbaycan Prezidentinin Şuşada etdiyi çıxışda vurğuladığı kimi, Azərbaycanın Vətən müharibəsində qazandığı Zəfərdə ölkəmizdə yaşayan bütün millət və dinlərin nümayəndələrinin rolu olub”.

QMİ sədri vurğulayıb ki, dövlətimiz azad olunmuş Qarabağ torpaqlarında quruculuq-bərpa işlərini həyata keçirdikdən, məhv edilmiş dini-mənəvi abidələrimizi dirçəltdikdən sonra orada ənənəvi multikultural həyat tərzimizə uyğun həyat bərqərar olacaq.

A. Paşazadə Mark Şnayeri Azərbaycanın, xalqımızın dostu kimi dəyərləndirdiyini, Azərbaycanın haqlı mübarizəsinə həmişə dəstək verməsinə görə dərin minnətdarlığını bildirib. QMİ sədri ermənilər tərəfindən dünyada, o cümlədən, ABŞ-da Azərbaycana qarşı aparılan mənfur kampaniyaları, məkrli şəkildə yayılan təxribatçı mahiyyətli informasiyaları qonağın diqqətinə çatdırdı. Azərbaycan dövlətinin tolerant, multikultural imicinə qətiyyən uyğun gəlməyən qərəzli, uydurma məlumatların qarşısının alınmasında ABŞ-ın nüfuzlu yəhudi icmasının rolu böyük ola bilər.

Səmimi qəbula görə təşəkkürünü bildirən Fondun prezidenti M.Şnayer, öz növbəsində, Azərbaycandakı multikultural və tolerant mühiti yüksək qiymətləndirdiyini, Azərbaycan ilə ABŞ arasında ikitərəfli münasibətlərin, o cümlədən, ABŞ-dakı yəhudi icması ilə əlaqələrin uğurla inkişaf etdiyini bildirdi. Mark Şnayer Azərbaycan Prezidenti İlham Əliyev və QMİ sədri ilə hər bir görüşündən gözəl təəssüratlar yaşadığını, Bakıda və ABŞ-da keçirdikləri görüşləri, habelə elan etdiyi Multikulturalizm, İslam Həmrəyliyi illəri çərçivəsində keçirilmiş tədbirlərdə iştirakını məmnunluqla xatırladıb. Azərbaycanda müxtəlif xalqların və etnik qrupların, o cümlədən yəhudi icması nümayəndələrinin dinc yanaşı və əmin-amanlıq şəraitində yaşamaları üçün hər cür şəraitin yaradıldığını qeyd edən qonaq, onların Azərbaycanın ictimai həyatında fəal iştirak etdiyini, hörmət, ehtiram gördüklərini xüsusi vurğulayıb.

Qonaq bildirib ki, multikulturalizm siyasəti vasitəsilə etnik-mədəni və dini müxtəlifliyin tənzimlənməsi sahəsində Azərbaycan Respublikasının əldə etdiyi nailiyyətləri dünya ictimaiyyəti yüksək dəyərləndirir. Azərbaycanın qlobal ideyalarının dünyaya yayılmasına hər zaman dəstək olacağını bildirən M.Şnayer, rəhbərlik etdiyi ABŞ Etnik Anlaşma Fondunun bu işə öz töhfəsini əsirgəməyəcəyini qeyd etdi. QMİ sədrinin fikirlərinə münasibətdə qonaq qeyd etdi ki, erməni lobbisinin Azərbaycana qarşı ABŞ-da apardığı çirkin kampaniyalara qarşı hər zaman olduğu kimi, Azərbaycan həqiqətləri ilə mübarizə aparırıq – sübutlarla bəyan edirik ki, Azərbaycan dövləti nəinki öz ölkəsində, İslam dünyasında, bütün dünyada dinlərarası münasibətlərdə nümunəvi dialoq və əməkdaşlıq təcrübəsinə malikdir və multikultural həyat modelini yaşadır. Etnik anlaşma Fondunun rəhbəri Mark Şnayer ABŞ-ın NBC kanalında hər həftə ravvin kimi çıxışlar etdiyini, bu həftəki çıxış-moizəsində Azərbaycana səfərindən bəhs edəcəyini, Azərbaycan Prezidenti və Şeyxülislamı ilə görüşlərindən xoş təəssüratlarını bölüşəcəyini diqqətə çatdırıb.

Görüşdə Azərbaycandakı dini konfessiyaların rəhbərləri - Bakı və Azərbaycan Arxiyepiskopu Aleksandr İşeyin, Azərbaycandakı Dağ yəhudiləri icmasının rəhbəri Melih Yevdayev, Bakıdakı Avropa yəhudiləri icmasının rəhbəri Aleksandr Şarovski iştirak ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR