QMİ sədri “Böhran vəziyyətində dini liderlərin rolu” mövzusunda virtual Forumda iştirak edib

QMİ sədri “Böhran vəziyyətində dini liderlərin rolu” mövzusunda virtual Forumda iştirak edib
  • Clock-gray 16:56
  • calendar-gray 21 İyul 2020

İyulun 21-də Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə “Böhran vəziyyətində dini liderlərin rolu” mövzusunda virtual Forumda iştirak edib. 

QMİ-nin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, İSESCO, RABİTƏ Müsəlman Dünyası Liqasının və Müsəlman Cəmiyyətləri Beynəlxalq Şurasının həmtəşkilatçılığı ilə baş tutan onlayn tədbir Çad Prezidenti İdris Debi İtnonun müraciəti ilə başlanıb.

QMİ sədri Şeyxülislam Allahşükür Paşazadə  bəşəriyyətin XXI əsrdə üzləşdiyi ən təhlükəli təhdidlərdən olan koronovirus pandemiyası şəraitində belə bir forumun keçirilməsinin zəruri olduğunu bildirib. QMİ sədri bu qlobal problemin törətdiyi fəsadların həyatımızın bütün sahələri, o cümlədən, dini fəaliyyətimiz və mənəvi həyatımızdan da yan keçmədiyini xüsusi vurğulayıb. Şeyxülislam pandemiyanın elan olunduğu ilk gündən başlayaraq, Azərbaycan dövlətinin koronavirusa qarşı mübarizədə beynəlxalq həmrəyliyin gücləndirilməsi məqsədilə zəruri təşəbbüslər irəli sürdüyünü və bu çərçivədə 30-dan artıq dövlətə humanitar yardımlar etdiyini forum iştirakçılarının diqqətinə çatdırıb.

A. Paşazadə dini lider olaraq həmişə olduğu kimi, pandemiya dövründə də dinlərarası, ümumbəşəri həmrəyliyə çağırışlarını beynəlxalq müstəvidə dəfələrlə səsləndirdiyini, bu mövqeyi BMT Sizilizasiyalar Alyansının təşəbbüsü ilə keçirilən onlayn məsləhətləşmədə, “KAICIID” Beynəlxalq Dinlərarası və Mədəniyyətlərarası Dialoq Mərkəzinin təşkil etdiyi “Pandemiya dövründə zəifləri qorumaq” mövzusunda videokonfransda, MDB ölkələri din xadimlərinin pandemiya probleminə həsr olunmuş tədbirlərində, eləcə də İSESCO-nun Baş direktoru Salim Əl-Malik ilə keçirdiyi onlayn görüşdə bəyan etdiyini diqqətə çatdırıb. QMİ sədri bildirib ki, indiki çətin dövrdə bəşəri həmrəyliyə, o cümlədən humanizm nümayiş etdirərək, ehtiyacı olanlara dəstək vermək, insanların imanını möhkəmləndirmək və onların  gələcəyə ümidini artırmaq dini liderlərin ümdə vəzifələrindəndir. 

Şeyxülislam forum iştirakçılarının diqqətinə çatdırıb ki, pandemiyanın fəsadları şəraitində son günlər bədnam qonşumuz - Ermənistan tərəfindən Azərbaycanın bu ölkə ilə sərhəd bölgəsində yeni təxribatlar törədilərək, atəşkəs rejimi pozulmuş, ərazilərimiz yenidən təcavüzə məruz qalıb, zabit və əsgərlərimiz, o cümlədən  dinc əhali arasında tələfatlarımız olub. O, bununla əlaqədar, Forum tribunasından bir daha dünya ictimaiyyətinə, dini liderlərə və beynəlxalq təşkilatlara müraciət edərək, Ermənistan-Azərbaycan Daqlığ Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları çərçivəsində ədalətli həllinə dəstək verməyə çağırıb.

Forum işini sessiyalarla davam etdirib.

Forumun bağlanış sessiyasında iştirakçıların yekun müraciətləri dinlənilib, tədbirin yekun bəyənnaməsi qəbul edilib. Bəyannamədə COVİD-19 pandemiyasının nəticələrini aradan qaldırmağa yönəlmiş tədbir və təşəbbüslərdən ilham alaraq, özündə xüsusi halları və inklüziv həll yollarını nəzərə alan, böhran və fəlakətlər üzrə qabaqlayıcı və təfərrüatlı praktiki proqramın hazırlanması məqsədilə gələcəyə yönəlik baxış və ideyalar üzərində razılığa gəlmək zərurəti vurğulanaraq bir sıra tövsiyələr yer alıb

Günay Elşadqızı

Digər xəbərlər