QMİ sədri: “Britaniyanın Aİ-dən çıxmasının xalq üçün xeyirli olacağına inanıram”

QMİ sədri: “Britaniyanın Aİ-dən çıxmasının xalq üçün xeyirli olacağına inanıram”
# 06 fevral 2020 12:01 (UTC +04:00)

Fevralın 5-də Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Allahşükür Paşazadə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycandakı səfiri Ceyms Şarpı qəbul edib.

QMİ-nin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Şeyxülislam Böyük Britaniyanın Avropa İttifaqından (Aİ) çıxmasını dünya siyasətində yeni bir mərhələnin başlanğıcı kimi xarakterizə edib, bu qərarın İngiltərə xalqı üçün xeyirli olacağına inandığını bildirib.

İngiltərəyə səfərlərini, ölkənin dini liderləri ilə görüşlərini, xüsusilə, 2016-cı ildə Londonda keçirilən beynəlxalq konfransda iştirakını xatırladan QMİ sədri qeyd edib ki, ölkələrimiz arasında müxtəlif sahələri əhatə edən əlaqələr yüksək səviyyədə qurulub və bu münasibətlər dövlət başçılarının səyi nəticəsində inkişaf edir.

Şeyxülislam Azərbaycanda din-dövlət münasibətləri, multikultural və tolerantlıq mühiti barədə qonağa ətraflı məlumat verib, əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan siyasi iradənin bu gün ölkə başçısı İlham Əliyevin inamla həyata keçirdiyini diqqətə çatdırıb.

Ötən ilin noyabrında Bakıda keçirilən Dünya Dini Liderlərinin II Sammiti barədə danışan QMİ sədri Allahşükür Paşazadə bildirib ki, Zirvə toplantısında 70-dən çox dövlətin, o cümlədən, Böyük Britaniyanın, 10-dan çox nüfuzlu beynəlxalq təşkilatın 500-ə yaxın nümayəndəsi iştirak edib. Şeyxülislam deyib ki, II Bakı Sammiti Azərbaycanın dinlərarası və mədəniyyətlərarası dialoqa verdiyi mühüm töhfələrdən biridir. QMİ sədri Zirvə toplantısında qəbul olunan Bakı Bəyannaməsini də əhəmiyyətli sənəd adlandırıb.

Allahşükür Paşazadə Bakı Beynəlxalq Dinlərarası və Sivilizasiyalararası Əməkdaşlıq Mərkəzinin təşəbbüsü ilə bu il Avropanın müxtəlif ölkələrində nifrət çağırışlarına qarşı mübarizə mövzusunda beynəlxalq konfransların planlaşdırıldığını da səfirin diqqətinə çatdırıb.

Azərbaycan xalqının Ermənistanın işğalına məruz qaldığını, silahlı münaqişə nəticəsində dini və tarixi abidələrimizin dağıdıldığını xatırladan QMİ sədri bildirib ki, rəsmi Yerevanın bu siyasəti bütün regionda sülhə və sabitliyə ciddi təhlükə yaradır. Şeyxülislam Böyük Britaniya da daxil olmaqla böyük dövlətlərin BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin yerinə yetirilməsi üçün daha ardıcıl siyasət yeridəcəklərinə, münaqişənin sülh yolu ilə ədalətli və Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həlli ediləcəyinə inamını ifadə edib.

Ceyms Şarp Şeyxülislam Allahşükür Paşazadənin regionda və dünyada sülhün, sabitliyin bərpasındakı xidmətlərini yüksək qiymətləndirib, belə bir tanınmış dini liderlə görüşməkdən məmnun qaldığını bildirib.

Görüş zamanı tərəflər qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Sonda səfirə xatirə hədiyyəsi və QMİ-nin son illərdəki fəaliyyətini əks etdirən kitablar hədiyyə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR