QMİ sədri din xadimləri ilə videokonfrans formatında görüş keçirib

QMİ sədri din xadimləri ilə videokonfrans formatında görüş keçirib
# 29 iyul 2020 13:39 (UTC +04:00)

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə din xadimləri ilə videokonfrans formatında görüş keçirib. Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının qatıldığı videogörüşdə QMİ-nin paytaxt, bölgələrdəki qazı və səlahiyyətli nümayəndələri, habelə xaricdəki nümayəndəliklərinin rəhbərləri iştirak ediblər.

QMİ-nin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Şeyxülislam A.Paşazadə Vətən uğrunda canlarından keçən şəhidlərimizi yad edib. Tovuz rayonu ərazisində düşmən təxribatı zamanı şəhid olmuş 12 hərbçimizin xatirəsini anıb, Allahdan onlara rəhmət diləyib. Şeyxülislam bu günlərdə II Fəxri Xiyabanda Azərbaycan Ordusunun general-mayoru Polad Həşimov, polkovnik İlqar Mirzəyevin, Masallıda mayor Anar Novruzovun məzarlarını ziyarət etdiyini xatırladıb. Bildirib ki, düşmənin sərhədlərimizdə törətdiyi son məkrli təxribat zamanı qəhrəman zabit və əsgərlərimiz şəhid olmuş, dinc sakin qətlə yetirilib. Bu yaxınlarda vəfat etmiş QMİ-nin Masallı üzrə Qazısı Mirqiyas Təhməzovun xatirəsi anılıb.

A.Paşazadə sərhəddə baş verən düşmən təxribatı ilə əlaqədar dünya ictimaiyyətinə, dini liderlərə və beynəlxalq təşkilatlara etdiyi müraciətə toxunaraq, ölkəmizdəki dini konfessiya rəhbərləri ilə bərabər imzaladığı bu sənədin səfirliklərimiz vasitəsilə bütün dünyaya yayıldığını, hamını iyulun 12-də Ermənistan Silahlı Qüvvələrinin Azərbaycan-Ermənistan dövlət sərhəddinin Tovuz rayonu istiqamətində törətdiyi hərbi təxribatı, dinc əhalini, yaşayış yerlərini, dini məbədləri davamlı atəşə tutmasına biganə qalmamağa, müvafiq mövqe nümayiş etdirməyə çağırışlarını diqqətə çatdırıb. QMİ sədri pandemiya dövründə keçirdiyi və iştirak etdiyi bütün onlayn forumlarda bu həqiqətləri dünyanın nüfuzlu beynəlxalq platformalarında səsləndirdiyini qeyd edib.

QMİ sədri Azərbaycan dövlətinin pandemiyanın yayılmasının qarşısının alınması üçün gördüyü geniş miqyaslı işlərdən bəhs edib.

Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı QMİ-nin qısa zaman müddətində xeyli iş gördüyünü, məkrli düşmənə ideoloji müstəvidə tutarlı cavab verildiyini minnətdarlıqla qeyd edib. M.Qurbanlı rəhbərlik etdiyi qurumla QMİ-nin birgə təşkilatçılığı ilə baş tutan və birlikdə iştirak etdikləri bütün beynəlxalq tədbirlərdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə dair həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində dəyərli işlər görüldüyünü təqdirlə vurğulayıb. COVİD-19 ilə mübarizədə dövlət və din xadimlərinin bir araya gələrək qüvvələrini səfərbər etmələrində fayda olduğunu xatırladan QMİ sədrinin fikirləri ilə həmrəy olduğunu bildirən cənab Komitə sədri Azərbaycan dövlətinin pandemiyanın yayılmasının qarşısının alınması üçün gördüyü geniş miqyaslı işlərdən bəhs edib və din xadimlərinin bu işlərə dəstək verməsini yüksək dəyərləndirib.

Videoiclasda çıxış edən QMİ sədrinin birinci müavini Müfti Salman Musayev pandemiya dövründə məcsidlərin kütləvi ibadətlərə bağlı olması şəraitində din xadimlərinin onlayn yayınlanan moizələri ilə insanlara mənəvi dayaq olmalarını diqqətə çatdırıb.

Şəhidlərin dəfn və yas mərasimlərində yaxından iştirak edərək öz mənəvi missiyalarının həyata keçirilməsindən şərəf duyduqlarını bildirən din xadimləri vətəndaşlıq borclarını yerinə yetirmək üçün Ali Baş Komandanın əmrinə müntəzir olduqlarını xüsusi vurğulayıblar.

Öz təkliflərini səsləndirən din xadimləri onları ən çox narahat edən məqamlar sırasında sosial şəbəkələrdə dövlət və din xadimlərinin ünvanına yönəlik təhqir və qarayaxma kampaniyaları olduğunu birmənalı şəkildə vurğulayıblar. Din xadimləri xarici kəşfiyyat qurumları tərəfindən yönləndirilən simasız şəxslərin belə üzdəniraq, haqsız çıxışlarının dindar kəsimin heysiyyatına toxunduğunu və bu abırsız şəxslərin öz əməllərinə görə qanun qarşısında cəzalandırılmasını tələb etdiklərini diqqətə çatdırıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR