Şeyxülislam: “Hər birimizin üzərinə böyük məsuliyyət düşür”

Şeyxülislam: “Hər birimizin üzərinə böyük məsuliyyət düşür”
# 19 mart 2020 15:27 (UTC +04:00)

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislamı Hacı Allahşükür Paşazadə Novruz bayramı münasibəti ilə Azərbaycan xalqını təbrik edib.

QMİ-dən APA-ya verilən məlumata görə, təbrikdə bildirilir ki, Novruz ulu tariximizdə özəl yeri və önəmi olan el bayramıdır:

“Yer üzünə təravət, yeni ab-hava, torpağa yeni həyat bəxş edən Novruz həyatın yenilənməsi, dirçəlişinin rəmzi olub, insanın ruhuna təbiətlə vəhdətdə təkamül səadəti yaşadır. Yaradanın Lütfü sayəsində bu bayramın dini baxımdan önəm kəsb edən məqamlarla üst-üstə düşməsi Novruzun mübarəkliyini daha da artırır. Allaha çox şükürlər olsun ki, hər yeni Novruz bayramı dövlətimiz və millətimizin uğurlu inkişaf yoluna rəvac verir, Qarabağda qələbəmizə əzmimizi, torpaqlarımızın işğaldan azad olunacağına inamımızı daha da artırır. Xalqımız firavan sabahının, dinc sabit həyat və tərəqqisinin təminini möhtərəm dövlət başçımız Prezident Ilham Əliyev cənablarının qətiyyət və möhkəm iradə ilə yeritdiyi davamlı islahatlarda, xalqın maddi və mənəvi rifahının daha da yaxşılaşdırılmasına yönəlik müdrik dövlət siyasətində görür və bu uğurlu inkişaf yolunu ürəkdən dəstəkləyir”.

Şeyxülislam bayram günlərində Yer üzünün salamatlığı, ölkənin əmin-amanlığı, dünyada yayılan xəstəlik kabusunun və onun gətirdiyi iqtisadi çətinliklərin tezliklə aradan qalxması üçün dualar edildiyini bildirib: “İnsan sağlamlığının qorunması Uca Allahın istəyidir və bununla bağlı hər birimizin üzərinə böyük məsuliyyət və vəzifələr düşür. Şükürlər olsun ki, dövlətimiz tərəfindən xəstəliyin aradan qaldırılması üçün bütün lazımı tədbirlər görülür, insanlarımız diqqət və qayğı ilə əhatə olunmuşlar. Ümidsizliyə qapılmaq, təxribatlara uymaq şeytan əməlidir. Dindarları, dini mənsubiyyətindən asılı olmayaraq bütün vətəndaşlarımızı hökumətimizin tövsiyə və qərarlarına əməl etməyə, dualar edərək sabaha ümidlə baxmağa çağırırıq. İnanırıq ki, Allahın köməyi ilə, dövlət başçımızın rəhbərliyi ilə görülən tədbirlər öz müsbət nəticəsini verəcək”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR