Türkiyə Diyanət İşləri Başqanı və Misirin Deputatlar Məclisinin I vitse-spikeri Azərbaycan Prezidentinə məktub göndəriblər

Türkiyə Diyanət İşləri Başqanı və Misirin Deputatlar Məclisinin I vitse-spikeri Azərbaycan Prezidentinə məktub göndəriblər
# 23 noyabr 2019 15:40 (UTC +04:00)

Türkiyənin Diyanət İşləri Başqanı professor Ali Erbaş Azərbaycan Prezidenti İlham Əliyevə məktub ünvanlayıb.

APA-nın xəbərinə görə, məktubda deyilir:

“Əs-səlamu-əleykum və rəhmətullahi və bərəkətuhu.

Hörmətli cənab Prezident.

Dünya dini liderlərinin II Bakı Sammitinə və Zati-alinizin yüksək təqdiri ilə şərəfləndirdiyi möhtərəm Şeyxülislam Allahşükür Paşazadənin 70, şeyxülislamlıq fəaliyyətinin 40 illik yubileyi münasibətilə rəhbərlik etdiyim geniş tərkibli nümayəndə heyəti ilə noyabrın 14-17-də ölkənizə səfərim zamanı mənə və nümayəndə heyətimizin üzvlərinə göstərilən xoş münasibətə və qonaqpərvərliyə görə təşəkkürlərimi ifadə etmək istərdim.

Xüsusilə səfərimizin əvvəlindən ölkənizdən ayrılana qədər bizi müşayiət edən, dəyərli vaxtlarını ayıraraq bizi tək qoymayan əməkdaşlarınızın göstərdikləri nəzakəti təqdirlə qarşıladığımızı bildirmək istəyirəm. Düşünürəm ki, gözəl ölkənizə nümayəndə heyətimizlə etdiyim səfər həm qurumlarımız, həm də ölkələrimiz arasındakı əlaqələrin daha da inkişafına töhfə verəcək.

Fürsətdən istifadə edib Zati-alinizə Uca Allahdan cansağlığı və xoşbəxtlik diləyir, Sizin şəxsinizdə azərbaycanlı qardaşlarımıza sülh, əmin-amanlıq və rifah arzulayıram”.

Misir Ərəb Respublikası Deputatlar Məclisinin birinci vitse-spikeri, Şəriflər Cəmiyyətinin rəhbəri Əl-Seyyid Əl-Şərif də Azərbaycan Prezidenti İlham Əliyevə məktub ünvanlayıb.

Məktubda deyilir:

“Əs-səlamu-əleykum və rəhmətullahi və bərəkətuhu.

Möhtərəm cənab Prezident.

Şəxsən öz adımdan və bu il noyabrın 14-15-də Dünya dini liderlərinin II Bakı Sammitində iştirak edən Misir nümayəndə heyəti adından iki qədim mədəniyyəti - Şərq və Qərb mədəniyyətlərini təmsil edən, tolerantlıq, sülh içərisində birgəyaşayış nümunəsi olan qardaş və doğma ölkənizdə bizi mehriban qarşılayıb qonaqpərvərlik göstərdiyinizə və səmimi görüşə görə Zati-alinizə dərin təşəkkürümü və minnətdarlığımı çatdırıram.

Fürsətdən istifadə edib Zati-alinizə cansağlığı və doğma Azərbaycana getdikcə artan tərəqqi və rifah arzulayıram.

Yüksək ehtiramımızı qəbul etməyinizi xahiş edirəm”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR