Eldar Mahmudovun əmisi oğlunun məhkəməsi yenə təxirə düşüb

Eldar Mahmudovun əmisi oğlunun məhkəməsi yenə təxirə düşüb
# 03 iyul 2019 13:36 (UTC +04:00)

Bakı Hərbi Məhkəməsində sabiq Milli Təhlükəsizlik naziri Eldar Mahmudovun əmisi oğlu Vüqar Mahmudovun cinayət işi üzrə məhkəmə prosesi təxirə düşüb.

APA-nın xəbərinə görə, hakim Elbəy Allahverdiyevin sədrliyi ilə keçirilən prosesin baş tutmamasına səbəb təqsirləndirilən V. Mahmudovun məhkəməyə gətirilməməsi olub.

Proses iyulun 22-nə qədər təxirə salınıb.

Qeyd edək ki, V. Mahmudovun məhkəməsi bir neçə dəfədir ki, təqsirləndirilən şəxsin məhkəməyə gətirilməməsi ilə əlaqədar təxirə düşür.

Xatırladaq ki, V. Mahmudov 2017-ci il noyabrın əvvəlində həbs edilib. Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Antiterror Mərkəzinin şöbə rəisinin müavini vəzifəsində çalışmış və faktiki olaraq E. Mahmudovun köməkçisi funksiyasını həyata keçirmiş polkovnik-leytenant V. Mahmudov MTN-in vəzifəli şəxsləri barəsində Baş Prokurorluğun Ağır Cinayətlərə dair işlər üzrə istintaq idarəsində istintaq olunan cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilib. V. Mahmudova Cinayət Məcəlləsinin 179.3.1-ci (mütəşəkkil dəstə tərəfindən mənimsəmə və ya israf etmə), 179.3.2-ci (külli miqdarda mənimsəmə və israf etmə), 182.3.1-ci (külli miqdarda əmlak əldə etmək məqsədi ilə hədə-qorxu yolu ilə tələb etmə), 182.3.2-ci (külli miqdarda əmlak əldə etmək məqsədi ilə hədə-qorxu yolu ilə tələb etmə), 302.1-ci (əməliyyat-axtarış fəaliyyətini həyata keçirmək səlahiyyətinə malik olmayan şəxslər tərəfindən belə tədbirlərin keçirilməsi, habelə əməliyyat-axtarış fəaliyyətini həyata keçirmək səlahiyyətinə malik olan şəxslər tərəfindən həmin tədbirlərin qanunvericiliklə müəyyən edilmiş əsaslar olmadan keçirilməsi şəxsin hüquq və qanunla qorunan mənafelərinin əhəmiyyətli pozulmasına səbəb olduqda), 302.2-ci (eyni əməllər gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrdən istifadə edilməklə törədildikdə) və 341.2.1-ci (bir qrup şəxs tərəfindən, ağır nəticələrə səbəb olmaqla hakimiyyətdən sui-istifadə etmə) maddələri ilə ittiham irəli sürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR