Sədr müavini: “Nazirlər Kabinetinin qərarında qəbiristanlıqların bələdiyyələrə verilməsi ilə bağlı konkret müddət var”

Sədr müavini: “Nazirlər Kabinetinin qərarında qəbiristanlıqların bələdiyyələrə verilməsi ilə bağlı konkret müddət var”
# 10 may 2019 13:42 (UTC +04:00)

"Nazirlər Kabinetinin qəbiristanlıqlarla bağlı müvafiq qərarında Şəhidlər Xiyabanı və Fəxri Xiyabana bağlı məsələlər də öz əksini tapıb".

ONA-nın xəbərinə görə, bunu Dini Qurumlarla İş üzrə Dövlət komitəsi sədrinin müavini Gündüz İsmayılov deyib.

O bildirib ki, hazırda bu istiqamətdə işlər aparılır və aidiyyəti qurumlar tərəfindən ictimaiyyətə əlavə məlumat veriləcək: "Qəbiristanlıqların bələdiyyələrin balansına verilməsi ilə bağlı konkret müddət Nazirlər Kabinetinin müvafiq qərarında əksini tapıb. Həmin müddətin növbəti bələdiyyə seçkiləri ilə bağlı heç bir əlaqəsi yoxdur".

Qeyd edək ki, Nazirlər Kabinetinin 4 dekabr 2018-ci il tarixli qərarı ilə təsdiqlənən “Qəbiristanlıqların salınması və idarə olunması Qaydaları”nda qeyd edilir ki, bu Qaydaların tələbləri Azərbaycan Respublikasının Fəxri xiyabanlarında, Şəhidlər xiyabanlarında və kütləvi (qardaşlıq) məzarlıqlarında aparılan dəfnlərə, habelə Vətən uğrunda şəhid olan hərbçilərin dəfn mərasimlərinə şamil edilmir. Qaydaya əsasən, Azərbaycan Respublikasında Fəxri xiyabanların, Şəhidlər xiyabanlarının və kütləvi (qardaşlıq) məzarlıqlarının salınması barədə qərar Nazirlər Kabineti tərəfindən qəbul edilir. Həmin yerlərdə dəfn olunacaq şəxslərin dairəsinin və dəfnlərinin təşkili qaydası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən müəyyən edilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR