Mübariz Qurbanlı: “Azərbaycanda 7 sinaqoq fəaliyyət göstərir”

Mübariz Qurbanlı: “Azərbaycanda 7 sinaqoq fəaliyyət göstərir”
# 30 oktyabr 2019 16:22 (UTC +04:00)

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı ölkədə səfərdə olan ABŞ yəhudi təşkilatlarının nümayəndələri ilə görüşüb.

Komitədən APA-ya verilən məlumata görə, DQİDK sədri bildirib ki, Azərbaycan əhalisinin 96 faizi müsəlmanlardır: “Ölkəmizdə müsəlmanlar, xristianlar, yəhudilər, ümumiyyətlə, bütün dini konfessiyaların nümayəndələri sülh, əmin-amanlıq şəraitində birgə yaşayırlar. Respublikada 35 qeyri-müsəlman dini icması dövlət qeydiyyatına alınıb”.

Mübariz Qurbanlı yəhudiliyin Azərbaycanda qədim tarixə malik olduğunu vurğulayıb: “Ölkəmizdə Dağ, Avropa və Gürcü yəhudi icmalarının 7 sinaqoqu fəaliyyət göstərir. Azərbaycanda müsəlman dini icmalarla yanaşı, qeyri-müsəlman dini icmalara dövlət tərəfindən maddi yardımın ayrılması ənənə halını alıb”.

DQİDK sədri bildirib ki, Azərbaycanın 20 faiz torpağımız ermənilər tərəfindən işğal olunub. Münaqişə nəticəsində işğal olunmuş torpaqlarımızda dini-tarixi abidələrin məhv edildiyini vurğulayan M.Qurbanlı bütün bunlara baxmayaraq, Bakıda erməni kilsəsinin qorunub saxlanıldığını deyib. Komitə sədri qeyd edib ki, təkcə bu fakt xalqımızın tolerantlığının bariz göstəricisidir.

Amerika Yəhudi Komitəsində Rusiya və Avrasiya işləri üzrə direktor Samuel Kliger Azərbaycanın yəhudilərin azad şəkildə öz dini inanclarını icra etdiyi ölkələr içərisində ön sıralarda olduğunu qeyd edib.

ABŞ və Kanada Buxara Yəhudiləri Konqresinin koordinatoru Rafael Nektarov təşkilatın öz fəaliyyətində daim Azərbaycanın mövqeyini dəstəklədiyini və qarşılıqlı əlaqələrin möhkəmləndirilməsi üçün bütün mümkün səyləri, əməkdaşlığı həyata keçirməyə niyyətli olduqlarını deyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR