Ötən il 52 adda dini ədəbiyyatın ölkəyə idxalına icazə verilməyib

Ötən il 52 adda dini ədəbiyyatın ölkəyə idxalına icazə verilməyib
# 21 iyun 2019 12:21 (UTC +04:00)

“2018-ci ildə 1652 adda dini ədəbiyyatın idxalına icazə verilib, 52 adda dini ədəbiyyata isə icazə verilməyib".

APA xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin 18 illiyinə həsr olunan tədbirdə Komitənin sədr müavini Gündüz İsmayılov bildirib.
Komitənin fəaliyyəti ilə bağlı məlumat verən sədr müavini bildirib ki, 2017-2018-ci illərdə Dövlət Komitəsi tərəfindən nəşr edilən ədəbiyyatların sayı 139 olub: "2017-ci ildə 1477 adda dini ədəbiyyatın idxalına icazə verilib, 63 adda dini ədəbiyyatın idxalına icazə verilməyib. 2017-ci ildə 309 adda dini ədəbiyyatın nəşrinə icazə verilib, 4-ə icazə verilməyib. 2018-ci ildə isə 166 adda dini ədəbiyyatın çapına icazə verilib, 26 adda dini ədəbiyyatın çapına icazə verilməyib".

G. İsmayılov qeyd edib ki, illər üzrə çap olunan dini ədəbiyyatın sayı azalıb. Çünki bu funksiyanı Komitənin tabeliyində olan Mənəvi Dəyərlərin Təbliği Fondu öz üzərinə götürüb: "Ölkədən kənarda tərcümə əsasında nəşr olunan dini ədəbiyyatları Fondun sifarişi və ya maliyyəsi ilə çap olunan kitabların hesabına ödəyirik. Ölkədə kitab oxuyanlar azdır, televiziyaya baxanların sayı da çox deyil, amma sosial şəbəkələrdən istifadə edənlərin sayı günbəgün artır. Maarifçilik məqsədilə gələcəkdə əsas diqqət verəcəyimiz istiqamətlərdən biri sosial şəbəkələr olmalıdır. Sosial şəbəkələr istiqamətində xeyli iş görürük və nəticələrimiz var".
Komitə sədrinin müavini qeyd edib ki, 2018-2019-cu ildə respublikada 940 dini qurum dövlət qeydiyyatından keçib: "2017-ci ildə bu rəqəm 760, 2011-ci ildə 544, 2009-cu ildə 534, 2006-cı ildə 374 olub. Bir dini icmanın qeydiyyatdan keçməsi üçün 50 təsisçinin olması lazımdır".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR