PA-nın şöbə müdiri: "Dini mərasimlər xurafat elementlərindən uzaq təşkil edilməlidir"

PA-nın şöbə müdiri: "Dini mərasimlər  xurafat elementlərindən uzaq təşkil edilməlidir"
# 30 avqust 2019 15:47 (UTC +04:00)

Avqustun 30-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində (DQİDK) Prezident Administrasiyasının Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Etibar Nəcəfovun iştirakı ilə ölkədəki mövcud dini duruma həsr olunmuş müşavirə keçirilib.

APA-nın xəbərinə görə, müşavirəni açan DQİDK sədri Mübariz Qurbanlı respublikada dövlət səviyyəsində milli-mənəvi dəyərlərimizin qorunması, din siyasətinin həyata keçirilməsi, dövlət-din münasibətlərinin formalaşması və inkişafı istiqamətində görülən işlər, mövcud dini durum, eyni zamanda müzakirə olunacaq məsələlər barədə ətraflı məlumat verib.

Çıxışı zamanı sentyabrın 1-nə təsadüf edən Məhərrəm ayında bütün mərasimlərin qanunvericilik çərçivəsində təşkilinə, Azərbaycan xalqının, İslam dininin yüksək mədəni normalarına uyğun keçirilməsinin vacibliyinə də toxunan Komitə sədri bu istiqamətdə Qafqaz Müsəlmanları İdarəsi (QMİ) ilə birlikdə əvvəlcədən maarifləndirmə məqsədilə hazırlıq işlərinin həyata keçirildiyini, Komitə tərəfindən Tədbirlər Planının hazırlandığını bildirib.

Tədbirlər Planına əsasən, Bakı şəhəri də daxil olmaqla respublikanın müxtəlif bölgələrində maarifləndirici tədbirlərin, görüşlərin keçirildiyini nəzərə çatdıran Mübariz Qurbanlı qeyd edib ki, əsas məqsəd bu mərasimlərin bütün məscidlərdə qanunun tələblərinə və QMİ-nin fətvasına uyğun şəkildə yerinə yetirilməsidir.

Daha sonra DQİDK-nın bölgə şöbə müdirləri regionlardakı dini durum, din adı altında qanunvericiliyə və milli maraqlara zidd təbliğatın aparılmasının qarşısının alınması istiqamətində aidiyyəti qurumlarla birgə görülmüş profilaktik işlər, o cümlədən təziyə məclislərinin məscidlərdə, ibadət ocaqlarında və onlara aid ərazilərdə təşkil olunması, İslam qaydalarına uyğun formada həyata keçirilməsi ilə bağlı atılan qabaqlayıcı addımlar barədə danışıblar.

Prezident Administrasiyasının Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Etibar Nəcəfov dini mərasimlərin mahiyyətinə uyğun, xurafat elementlərindən uzaq təşkil edilməsinin vacibliyinə diqqət çəkib. Şöbə müdiri Məhərrəm ayı zamanı Qafqaz Müsəlmanları İdarəsinin təşəbbüsü ilə talassemiya və hemofiliya xəstələri üçün keçirilən ənənəvi qanvermə aksiyasının xüsusi önəm daşıdığını vurğulayıb. E.Nəcəfov təziyə mərasimlərində Kərbəla şəhidləri ilə yanaşı, Qarabağ müharibəsi zamanı şəhid olan soydaşlarımız və qazilərimizin də anılmasının zəruriliyini qeyd edib.

Sonda müzakirə olunan məsələlərlə bağlı şöbə müdirlərinə müvafiq tapşırıq və tövsiyələr verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR