Vladimir Fekete: “Azərbaycanla Vatikan arasında münasibətlər çox yüksək səviyyədədir" - MÜSAHİBƏ

Vladimir Fekete: “Azərbaycanla Vatikan arasında münasibətlər çox yüksək səviyyədədir" - MÜSAHİBƏ
# 12 iyul 2019 11:53 (UTC +04:00)

Roma Katolik Kilsəsinin Azərbaycandakı apostol prefekturasının ordinarisi Vladimir Feketenin APA-ya müsahibəsi

- Azərbaycanla Vatikan arasında əlaqələrin səviyyəsindən məmnunsunuzmu?

- Vatikan Sovet İttifaqının dağılmasından sonra müstəqil Azərbaycanı rəsmi olaraq tanıyan və diplomatik əlaqələr quran ilk ölkələrin sırasındadır. 2002-ci ilin mayında Roma Papası II İohan Pavelin Azərbaycana, Bakıya ilk tarixi səfərindən sonra qarşılıqlı əlaqələr daha yüksək səviyyəyə çatdı. Düşünürəm ki, Azərbaycanla Vatikan arasında mövcud münasibətlər hazırda çox yüksək səviyyədədir. Azərbaycan Prezidenti İlham Əliyevin 2015-ci ilin martında Vatikana rəsmi səfəri, 2016-cı ilin oktyabrında isə Papa Fransiskin Bakıya səfəri bunun bariz nümunəsidir.

- Roma Papası əlahəzrət Fransisk Azərbaycan və Ermənistanda səfərdə olarkən Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə ümid etdiyini bildirmişdi. Vatikan Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə həlli istiqamətində beynəlxalq təşkilatlara hər hansısa dəstək göstərə bilərmi?

- Bakıya səfəri zamanı Papa Fransisk birmənalı şəkildə Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə tərəfdar olduğunu ifadə edib. Vatikanın bu istiqamətdə beynəlxalq təşkilatlarda hansı konkret addımlar atdığı və ya atacağı təəssüf ki, mənə məlum deyil. Bu sual, daha çox Vatikan diplomatiyasına aiddir.

- Roma Papası Fransiskin Cənubi Qafqaz regionuna növbəti səfəri gözlənilirmi?

- Papa Fransiskə ziyarət dəvətləri bütün dünya ölkələrindən gəlir. Cənubi Qafqaz ölkələrinə 3 il əvvəl səfər etdiyi üçün o, digər ölkələrə, xüsusilə də Roma Papasının olmadığı ölkələrə səfər etməyi üstün tutur və belə ölkələrin sayı çoxdur. İnşallah belə bir səfər olarsa, onun Azərbaycana yenidən gəlişinə yalnız sevinərdik.

- Roma Papası Fransisk baş arxiyepiskop Novi Pol Fitspatrik Rasseli Azərbaycandakı yeni səfiri təyin edib. Yeni səfir öz işinə başlayıb?

- 2018-ci ilin aprelində Papa Fransisk Paul Fitzpatrik Russeli Azərbaycana yeni səfir təyin edib və o, Azərbaycan Prezidenti cənab İlham Əliyevə təqdim etdiyi etimadnamə məktubu ilə öz vəzifəsinin icrasına başlayıb. Monsenyor Russel, eyni zamanda Vatikanın Türkiyədəki və Türkmənistandakı səfiridir. Onun daimi nümayəndəliyi Ankarada yerləşir.

- Vatikanla Azərbaycan arasında mədəniyyət sahəsində əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində hansı işlər aparılır?

- Məlum olduğu kimi, Heydər Əliyev Fondu Vatikan muzeyləri ilə birgə Roma şəhərindəki qədim abidələrin yenidən bərpası ilə bağlı bir sıra layihələr həyata keçirib. Roma şəhərində Azərbaycan rəssamlarının bir neçə sərgisi də keçirilib. Bakıda Azərbaycanın qədim tarixinə aid Vatikan muzeylərinin qiymətli eksponatlarının sərgisinin təşkil edilməsi üçün danışıqlar aparılır.

- Azərbaycanda dini konfessiyalara və dini qruplara olan münasibəti necə dəyərləndirirsiniz?

- Mən artıq 10 ildir, Azərbaycanda yaşayıram və Katolik kilsəsinin dini rəhbəri olaraq xidmətimi həyata keçirirəm. Bu vaxt ərzində Azərbaycanda dini qruplar arasında yüksək səviyyəli əlaqələrlə və tarixin incəlikləri ilə kifayət qədər tanış ola bilmişəm. Əminliklə deyə bilərəm ki, mənim, həm başda hörmətli Şeyxülislam Allahşükür Paşazadə olmaqla Qafqaz Müsəlmanları İdarəsinin, Yəhudi icmalarının nümayəndələri ilə, Rus Pravoslav kilsəsinin rəhbəri Azərbaycan və Bakı üzrə Arxiyepiskop Aleksandrla, həm də Azərbaycanda digər xristian icmalarının nümayəndələri ilə çox yaxın və dostluq münasibətlərim var. Əminəm ki, din xadimləri arasında müsbət əlaqələr həmişə yalnız möminlər üçün deyil, eləcə də bütün cəmiyyət üçün faydalı olacaq.

- Müasir dünyada dinlərarası dialoq barədə nə düşünürsünüz?

- Dinlərarası dialoq hər zaman önəmlidir. Müasir həyat tərzinin nəticəsi olaraq əhali müxtəlif ölkələrə köçür, orada qısa və ya uzun müddətli digər dinlərin nümayəndələri ilə yanaşı yaşamalı olurlar. Bəzi ölkələrdə yaşanan çətinliklər siyasətçilərin dinlərarası dialoqun uğursuzluqları barədə bəyanatlar verməsin səbəb olub. Mən bu siyasətçilərin fikirlərini bölüşmürəm və əminəm ki, hamımız bu istiqamətdə səy göstərməliyik: öz şəxsi mənsubiyyətimizi qoruyub saxlayaraq, digər millətlərin və dinlərin zənginliyini qəbul etməyə və müsbət qiymətləndirməyə hazır olmalıyıq. Bu baxımdan Azərbaycan digər ölkələr üçün müsbət örnəkdir.

- Belə bir yanaşma var ki, əsrlər ötdükcə insanların dinə münasibəti dəyişir, hətta statistik göstəricilərə görə kifayət qədər böyük bir kəsim özünü heç bir dinə aid etmir. Bununla bağlı fikrinizi bilmək maraqlıdır…

- Əminliklə deyə bilərəm ki, insan ruhi varlıqdır, onun qəlbi ölümsüzdür və o, yer üzündə yaşayarkən Allahı və öz mövcudluğunun mənasını axtarır. Əlbəttə, tarixin gedişində insan bu axtarışlarına müxtəlif cavablar tapıb, bəzən də yanlış yollar seçib və bütpərəstliyə qapılıb. Doğru zamanda Allah öz peyğəmbərləri vasitəsilə bəşəriyyətə özünü və həyata doğru aparan doğru yolu həqiqətdə açıqlayıb. Son əsrlərdə ateizmi zorla təbliğ edən və bütün möminləri təqib edən dünyanın bir çox ölkəsində hələ bu gün də öz təsirini itirməmiş güclü inqilabçı ideyalar ortaya çıxdı. Nəzəri ateizm və praktiki materializm, allahsızlığın bir həyat tərzi kimi yayılmasına və ya ən azı Allaha iman edilməsinə biganə yanaşmağa təkan verirdi. Sizin dediyiniz statistikadan xəbərsizəm, çünki mənim məlumatlarıma əsasən, hər şey əksinədir, inanclı insanların sayı keçmiş Sovet İttifaqı ölkələrində, eləcə də digər qitələrdə artmaqdadır. Məsələ ondadır ki, bəzi insanlar, xüsusilə də gənclər, həmişə özlərini hansısa bir dinə aid edə bilmir, buna baxmayaraq, özlərini inanclı insanlar hesab edir, Allahı və öz mövcudluqlarının mənasını axtarmağa davam edirlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR