Mübariz Qurbanlının başçılıq etdiyi nümayəndə heyəti ABŞ-a gedir

Mübariz Qurbanlının başçılıq etdiyi nümayəndə heyəti ABŞ-a gedir
# 12 may 2018 12:48 (UTC +04:00)

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının başçılıq etdiyi nümayəndə heyəti Amerika Yəhudi Komitəsinin dəvəti ilə 13-19 may tarixlərində Amerika Birləşmiş Ştatlarında səfərdə olacaq.

Komitənin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, nümayəndə heyətinə Azərbaycandakı dini konfessiya təmsilçiləri – Qafqaz Müsəlmanları İdarəsi sədrinin müavini Fuad Nurullayev, Bakı və Azərbaycan Yeparxiyasının nümayəndəsi Mefodi Əfəndiyev, Bakı şəhəri Dağ Yəhudiləri dini icmasının sədri Milix Yevdayev, Alban-Udi Xristian dini icmasının sədri Robert Mobili, Avropa Yəhudiləri dini icmasının sədri Aleksandr Şarovski, eləcə də DQİDK-nın Xarici əlaqələr şöbəsinin müdiri Nicat Məmmədli daxildir.

Səfər çərçivəsində nümayəndə heyəti Kaliforniya ştatının Los-Anceles və San-Fransisko şəhərlərində ölkəmizdə mövcud olan dini müxtəliflik, dini tolerantlıq mühiti, birgəyaşayış modeli, eləcə də multikultural dəyərlərə həsr olunmuş tədbirlərdə iştirak edəcək. Eyni zamanda, Kaliforniya Senatında senator Jerry Hill ilə, Los-Anceles arxiyepiskopu Jose Gomezlə, ABŞ-ın ən böyük yəhudi lobbi təşkilatı olan AIPAC-da, Simon Vizental Mərkəzinin rəhbərinin müavini ravvin Abraham Kuperlə görüşlərin keçirilməsi nəzərdə tutulub.

San-Fransisko şəhərində Amerika Yəhudi Komitəsinin təşkilatçılığı ilə “Commonwealth Club”da Azərbaycanda dini müxtəlifliyin təbliğinə həsr olunmuş “Münaqişəsiz dinlərarası harmoniya: Azərbaycan nümunəsi” mövzusunda tədbir keçiriləcək. Qeyd edək ki, “Commonwealth Club” hər il siyasət, mədəniyyət, cəmiyyət və iqtisadiyyat sahəsində baş verən əsas hadisələrin müzakirəsi üçün geniş forumlar təşkil edir və forumlarda ayrı-ayrı sahələr üzrə ixtisaslaşmış ekspertlərin məruzələri dinlənilir.

Səfər zamanı Los-Ancelesin ən böyük və nüfuzlu yəhudi dini mərkəzlərindən olan Sinay sinaqoqunda Azərbaycanda mövcud dini müxtəliflik və nümunəvi tolerantlıq mühitindən bəhs edən tədbir keçiriləcək. Tədbir çərçivəsində çoxəsrlik tolerantlıq ənənələrinə malik ölkəmizi tanıdan sərgi təşkil ediləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR