Elbrus Rzayev: “Hansı boksçu güclü olacaqsa, o da komandada yer alacaq”

Elbrus Rzayev: “Hansı boksçu güclü olacaqsa, o da komandada yer alacaq”
# 10 fevral 2020 12:28 (UTC +04:00)

“Bir aydır təlim-məşq toplanışına başlamışıq. Hər şey yüksək səviyyədədir”.

Apasport.az saytının məlumatına görə, bunu qadın boksçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Elbrus Rzayev deyib.

Abşeron Olimpiya İdman Kompleksində keçirilən təlim-məşq toplanışını dəyərləndirən Rzayev komandasından uğur gözlədiyini söyləyib. Onun sözlərinə görə, Azərbaycan Boks Federasiyası yığma üzvləri üçün lazım olan bütün şəraiti yaradıb: “Boksçularımız yaxşı formadadır. Komandada ruh yüksəkliyi, özünəinam çox əladır. Çalışırıq ki, Londonda keçiriləcək lisenziya turnirinə kimi tam hazır olub, lazımi vəsiqələri qazanaq. Əsas məqsədimiz ümidləri doğrultmaqdır”.

Təcrübəli mütəxəssis komandada yer alan legionerlərlə bağlı məsələlərə də aydınlıq gətirib. O bildirib ki, lisenziya turnirlərində ölkəmizi ən güclülər təmsil edəcəklər: “Yarışlar üçün heç kim yerini təmin etməyib. Legionerlərin bizə qoşulması heç də onların lisenziya turnirlərində iştirakına zəmanət vermir. Hər biri sınaq müddətindədir. Əgər öz çəkilərində güclü olacaqlarsa, onlara güvənə bilərik. Bir sözlə, bütün qərarlar məşq prosesinin yekununda veriləcək. 5 çəkidə mübarizəyə qoşulmağı planlaşdırırıq. Hansı boksçu güclü olacaqsa, o da Olimpiada üçün vəsiqə uğrunda komandada yer alacaq”.

E. Rzayev hazırlıq üçün ölkə xaricinə çıxacaqlarını da deyib. Onun sözlərinə görə, birgə təlim-məşq toplanışı keçməyi planlaşdırırlar.

Qeyd edək ki, martın 13-23-də Londonda Avropa Olimpiya Təsnifat Turniri, mayın 13-24-də Parisdə Dünya Olimpiya Təsnifat Turniri keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR