Nəriman Abdullayev: “Yığmanın üzvləri və məşqçiləri olaraq cəbhəyə getməyə hazırıq”

Nəriman Abdullayev: “Yığmanın üzvləri və məşqçiləri olaraq cəbhəyə getməyə hazırıq”
  • Clock-gray 10:16
  • calendar-gray 02 Noyabr 2020

“Türkiyənin bizə dəstəyi çox böyükdür. Türk xalqına minnətdarıq”.

Apasport.az saytının məlumatına görə, bunu boks üzrə Azərbaycan millisinin böyük məşqçisi Nəriman Abdullayev Dağlıq Qarabağ münaqişəsi barədə “Anadolu” agentliyinə açıqlamasında deyib.

Ermənistanın Azərbaycan torpaqlarını işğal etdiyini bildirən təcrübəli mütəxəssis Türkiyənin ölkəmizə göstərdiyi yardımı xüsusi vurğulayıb: “Türkiyəli qardaşlarımız bizə bu müddətdə böyük dəstək verdilər, yardım etdilər. Biz də türkiyəli idmançıları sevirik, hamısı qardaşlarımızdır. Türkiyənin bizə əvvəldən dəstəyi olub və indi də davam edir. Qarabağ bizimdir, Qarabağ Azərbaycanındır. Boksçularımız arasında daha əvvəl döyüşlərdə iştirak edən və şəhid olanlar da var. Yığmanın üzvləri və məşqçiləri olaraq cəbhəyə getməyə hazırıq”.

Abdullayev Türkiyənin Kastamonu şəhərində təlim-məşq toplanışında olan yığmanın hazırlığını da dəyərləndirib. O, Tokio-2020 Yay Olimpiya Oyunları ilə bağlı hədəflərini də açıqlayıb: “Məşqlərimiz yaxşı şəkildə keçir. Türkiyəyə 15 idmançı ilə gəlmişik. Bu ilin fevralında da Kastamonuda toplanışda olmuşuq. İnşallah, Olimpiadadan medallar gətirəcəyik. Hədəfimiz Avropa Olimpiya Təsnifat  mərhələsində Tokio-2020-yə lisenziyalar qazanmaqdır”.

Yığmamızın boksçusu Ruslan Rüstəmov isə qısa açıqlamasında bütün diqqətlərinin Azərbaycan əsgərinin yanında olduğunu söyləyib: “Qarabağda müharibə gedir. Burada olsaq da, ürəyimiz qardaşlarımızla birlikdədir. Əsgərlərimiz döyüş meydanında vuruşur, biz də rinqdə mübarizə aparır, dünya arenalarında Azərbaycanın bayrağını yüksəklərə qaldırırıq. İlk hədəfim olimpiadaya vəsiqə qazanmaq və bayrağımızı bütün dünyada dalğalandırmaqdır”.

Qeyd edək ki, koronavirus pandemiyası səbəbindən təxirə salınan Tokio Yay Olimpiya Oyunları 2021-ci il 23 iyul - 8 avqustda keçiriləcək.

ApaSport

Digər xəbərlər