Rusiyalı Olimpiya çempionu: “Azərbaycanın yeni baş məşqçisinin qarşısında asan olmayan vəzifə durur”

Rusiyalı Olimpiya çempionu: “Azərbaycanın yeni baş məşqçisinin qarşısında asan olmayan vəzifə durur”
# 02 dekabr 2019 11:43 (UTC +04:00)

“Azərbaycan millisini əvvəlki məşqçilər korpusunun necə hazırladığını bilmirəm. Amma məni və digər güclü güləşçiləri yetişdirən Aleksandr Tarakanovun necə işlədiyinə bələdəm”.

Apasport.az saytının məlumatına görə, bunu yunan-Roma güləşi üzrə Azərbaycan yığmasının məşqçisi Aleksey Mişin deyib.

O, Qazaxıstanın paytaxtı Nur-Sultanda keçirilən dünya çempionatındakı uğursuzluqdan sonra millinin baş məşqçisi təyin olunan Aleksandr Tarakanovun gəlişi ilə komandada dəyişikliklər olacağını bildirib. Afina Olimpiadasının və 2007-ci ildə Bakıda keçirilmiş dünya çempionatının qalibi, eləcə də 6 qat Avropa çempionu dəyişikliyin hiss olunacağını qeyd edib: “Yəqin ki, yığmanın məşqlərində çox şey dəyişəcək. Onun qeyri-adi hazırlıq sistemi var. Deyərdim ki, bu, dözümlülük xarakterlidir. Aleksandr Petroviç azərbaycanlılara elə məşqlər keçəcək ki, onlar çox güman belə hazırlıqla rastlaşmayıblar. Olimpiya lisenziyasının qazanılmaması o deməkdir ki, hazırlıq düzgün aparılmayıb. Azərbaycanlılar ənənəvi olaraq Olimpiya Oyunlarına lisenziyalar qazanıblar. Dünya və Avropa çempionatlarında ən yaxşı “üçlüy”ə düşüblər. Burda isə 6 olimpiya çəkisində bir dənə də lisenziya yoxdur. Aleksandr Petroviçin qarşısında asan olmayan vəzifə durur. Ümid edirəm ki, onda alınacaq. Onun əlində işləməyin mümkün olduğu material var. Ümid edirəm ki, güləşçilər onu dinləyəcəklər”.

A.Mişin vaxtilə qardaşı Denis Mişinin Azərbaycan yığmasında çıxış etdiyini xatırlayıb: “O, hətta Olimpiya Oyunlarına vəsiqə qazanmışdı. Lakin ciddi zədə aldığından yaxşı bərpa oluna bilmədi və bu yarışa qatılmadı. Buna görə də Azərbaycan güləşçilərinin çoxunu tanıyıram”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR